Energy markets

Xəbərlər

Deloitte-in hesabatına əsasən, enerji bazarları qlobal geosiyasi mənzərəni dəyişir və millətlər arasında qarşılıqlı əlaqəni artırır

Mətbuat yayımı

Nyu York, 16 iyun 2014 – Şimali Amerikanın iri idxalçıdan qısa müddətdə ixracatçıya çevrilməsi ilə bağlı enerji bumunun təsirləri Yaxın Şərqdə, Rusiyada və Çində hiss olunmaqdadır. Deloitte Touche Tohmatsu Limited-in (DTTL) dərc etdiyi Neft və Qaz: Real faktlar 2014 adlı hesabata görə, bu tendensiya yeni enerji mənbələri yaradacaq, rəqabəti artıracaq, qlobal geosiyasi mənzərəni dəyişəcək və millətlər arasında daha sıx əlaqə yaradacaq.

Hesabatda əsas diqqət təchizatçılar arasında üstünlüyün zəiflədilməsi; enerji bazarlarında regionlaşmadan qloballaşmaya doğru inkişaf; müəyyən yanacaq növlərinin payının artması və qlobal enerji strukturunda digərlərinin rolunun azalması; geosiyasi problemlərə cavab olaraq sərhədlərin açılması və bağlanması kimi məsələlərə yönəldilmişdir.

Deloitte Touche Tohmatsu Limited-in Qlobal Neft və Qaz Departamentinin rəhbəri Adi Karev qeyd edir: “Bu il enerji bazarları stimullaşdırıcı geosiyasi faktorlarla və heç bir zaman rast gəlinməyən praqmatizmlə seçilmişlər. Şimali Amerikanın enerji inqilabının təsirləri Avrasiyada enerji ilə bağlı gərgin məsələlərdə, eləcə də beynəlxalq məsələlərdə Çinin təsirinin artmasına və Rusiyanın təsirinin canlanmasına baxmayaraq, ABŞ-ın beynəlxalq aləmdə siyasi balansın qoruyucusu kimi rolunu saxlaması üçün göstərdiyi səylərdə hiss olunacaq.”

 

 

Hesabatda beş əsas sahə müzakirə edilir:

Qlobal enerji – Şimali Amerika inqilabı

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EİA) proqnozlarına əsasən, bu onilliyin sonuna qədər ABŞ təbii qazın netto ixracatçısı mövqeyində olacaq. [1] “Bir qrup bu müstəqilliyin təcridedici siyasətə çevriləcəyindən və beynəlxalq məsələlərdə iştirakdan yayınmaqla nəticələnəcəyindən narahatdır. Lakin mən düşünürəm ki, belə bir planın baş tutma ehtimalı çox azdır, çünki biz xüsusilə Asiya-Sakit okean bölgəsində yeni təchizat mənbələri və tələbatla bağlı daha böyük rəqabət olacağını gözləyirik. Qlobal enerji strukturunda ekoloji cəhətdən daha təmiz yanacağa keçid təbii qaz üçün və təbii qazın qloballaşması səbəbindən isə nəticə etibarı ilə LNG üçün yaxşı hal hesab olunur”, deyə Karev bildirmişdir.

Enerji təchizatı – Yeni mənbələr, yeni geosiyasət

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və Rusiya yarım əsrdən artıq müddət ərzində neft və qaz ixracı sahəsində üstünlüyə malikdirlər. Bu gün yeni təchizatçılar bazarda üstünlüyü qazanmaq üçün rəqabət aparır və geosiyasi mənzərəni dəyişirlər. “Yeni təchizat mənbələri növbəti onillikdə qlobal karbohidrogen bazarlarında dəyişiklik yaradacaq. ABŞ-ın daxili məhsulunun, eləcə də Kanada, Meksika, Braziliya və Qazaxıstanda istehsalın artması qlobal neft və qaz bazarlarındakı və geosiyasi mənzərəni dəyişəcək. Rəqabətdə ənənəvi istehsalçıların, əsasən də OPEC ölkələrinin və Rusiyanın üstünlüyünün azalacağı ehtimal edilir və bu ölkələr bazardakı paylarını və təsirini qorumaq üçün daha inadla mübarizə aparmağa məcbur olacaqlar,” deyə Karaev bildirmişdir.

Enerji strukturu – Beynəlxalq rejimdə dəyişiklik

Qlobal enerji strukturunda təbii qaz kimi ekoloji cəhətdən təmiz yanacağa keçid müşahidə olunur. Şimali Amerikada enerji istehsalında, istehsalatda və nəqliyyat sahəsində təbii qazdan istifadənin artdığı müəyyən edilir. Fukuşima Daiçi hadisəsinin ardınca nüvə enerjisində yaranmış fasilədən sonra müəyyən edilmiş yeni istiqamətin davamı olaraq Yaponiya da öz enerji strukturunda təbii qazın payını artırmağı planlaşdırır. Son zamanlarda Avropada müvəqqəti olaraq əhəmiyyətli dərəcədə kömür istehlakı ilə nəticələnmiş çox xərc tələb edən bərpa olunan ehtiyatlardan imtina edilməsinə baxmayaraq region ekoloji cəhətdən daha təmiz yanacaqlardan hələ də istifadə etmək niyyətindədir.

Enerji istehsalı – İrimiqyaslı neft və qaz layihələri bu tip layihələrin idarə edilməsi üçün yeni strategiyalar tələb edir

Bir milyondan çox neft ekvivalenti həcmində irimiqyaslı neft və qaz layihələri üç böyük kateqoriyada qruplaşdırıla bilər: ənənəvi, yeni dövr və qeyri-ənənəvi. Ənənəvi layihələrə quru sahə, dayaz su sahələri, ağır neft; yeni dövr layihələrinə LNG, GTL emalı (qazın maye yanacağa çevrilməsi), dərin sularda və Arktik ərazilərdə aparılan əməliyyatlar; qeyri-ənənəvi layihələrə isə şist nefti, çətin əldə olunan neft və Kanadada neft qumları ilə bağlı layihələr daxildir.

Enerji millətçiliyi – Tamahkarlıq, qorxu və qürurdan irəli gəlir

Enerji millətçiliyi əsasən insanların üç istəyi ilə bağlı mübarizədən irəli gəlir: ehtiyatları pula çevirmək mümkün olduğu üçün zənginləşmə həvəsi (tamahkarlıq); müasir cəmiyyətlərin enerjidən çox asılı olması səbəbindən enerji təhlükəsizliyi istəyi (qorxu); və milli inkişaf məqsədləri üçün resurslar üzərində milli suverenliyi saxlamaq istəyi (qürur). Hər bir ölkə müəyyən məqamlarda öz milli sərvətlərində, daxili inkişaf məqsədlərində və milli prioritetlərində dəyişiklik aparmaqla bir-birinə zidd olan belə məsələlər istiqamətində mübarizə aparır.

[1] Enerji İnformasiya Administrasiyası, İllik Enerji Proqnozları 2014, aprel 2014-cü il, http://www.eia.gov/forecasts/aeo/source_natural_gas_all.cfm

Deloitte Haqqında

Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan və ayrı-ayrılıqda hər biri müstəqil hüquqi şəxs olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə aid ola bilər. Deloitte Touche Tohmatsu Limited və ona üzv şirkətlərin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq, hüquq və maliyyə məsləhəti xidmətləri göstərir. Dünya üzrə 150-dən çox ölkədə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-un regiondakı 200,000 peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.

Did you find this useful?