Xəbərlər

Xəbərlər və Hadisələr

Azərbaycan Vergi Xəbərləri

Azərbaycan Vergi Xəbərləri, 8 aprel 2024-cü il

Ezamiyyə xərclərinin normalarında dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2024-cü il tarixli 200 nömrəli Qərarı (“Qərar”) ilə ezamiyyə xərclərinin normalarında dəyişiklik edilib.
Bildirmək istərdik ki, ezamiyyə xərclərinin norması Bakı şəhərində 125 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhər, rayon mərkəzləri, şəhər tipli qəsəbələr və kəndlərdə isə 90 manat məbləğində müəyyən edilib. Əlavə olaraq, yeni dəyişikliklərə görə, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizi əvəzinə 70 faizini mehmanxana xərcləri təşkil edir.
Bundan əlavə, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün əlavə vəsaitin verilməsi 20 manat məbləğində müəyyən edilib.

Onu da qeyd etmək istərdik ki, Qərara əsasən, müəyyən xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarına da dəyişiklik edilib.

Qərarın təfsilatı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://nk.gov.az/az/senedler/qerarlar/ezamiyye-xerclerinin-normalari-haqqinda-azerbaycan-7959

 

Azərbaycan Vergi Xəbərləri, 25 yanvar 2024-cü il

Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 511 nömrəli Qərarı ilə müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə əmlakların siyahısı təsdiq edilib.

Xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.4-cü maddəsinə əsasən, hüquqi şəxslərin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əsas vəsaitlər əmlak vergisindən azaddır.

Qərarın təfsilatı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:
https://e-qanun.az/framework/56036
 

Azərbaycan Vergi Xəbərləri, 23 yanvar 2024-cü il

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilib

Azərbaycan Respublikasının Milli Məclisinin 22 dekabr 2023-cü il tarixli 1059-VIQD nömrəli qərarı ilə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (“Qanun”) təsdiq edilmişdir.

Qanuna əsasən, aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:

  • iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində;
  • qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;
  • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla).

Qanunun təfsilatı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:
https://e-qanun.az/framework/56150

Azərbaycan Vergi Xəbərləri, 18 yanvar 2024-cü il

İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2024-cü il tarixli 22 nömrəli Qərarı (“Qərar”) ilə idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı təsdiq edilib.
Xatırlatmaq istərdik ki, fərdi sahibkarların idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalı ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlirin 50 faizi 2024-cü ildən 7 il müddətinə gəlir vergisindən azaddır. Əlavə olaraq, sözügedən fəaliyyəti həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 faizi 2024-cü ildən 7 il müddətinə hüquqi şəxslərin mənfəət vergisindən azaddır.
Bundan əlavə, Qərara əsasən siyahısı təsdiqlənən malların istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin istehsal fəaliyyəti prosesində istifadə olunan əmlaka və torpaqlara görə 2024-cü ildən 7 il müddətinə müvafiq olaraq əmlak və torpaq vergilərini ödəməkdən azaddırlar.

Qərarın təfsilatı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:
https://nk.gov.az/az/senedler/qerarlar/idxal-mallarini-yerli-istehsal-emal-mallari-ile-ev-7719

Azərbaycan Vergi Xəbərləri, 22 noyabr 2023-cü il

Azərbaycan Çoxtərəfli Vergi Konvensiyasına Qoşulub

20 noyabr 2023-cü il tarixində Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiyanı” (“Konvensiya”) imzalayıb.

Qeyd edək ki, Konvensiya ikitərəfli vergi müqavilələrinin yenilənməsi və transmilli şirkətlər tərəfindən vergidən yayınma imkanlarının azaldılması üçün dünyanın aparıcı alətidir. Konvensiyanın məqsədi vergi sazişlərindən sui-istifadə edilməsinin qarşısının alınması, daimi nümayəndəlik yaratmamaq üçün strategiyalara qarşı tədbirlərin görülməsi və hibrid uyğunsuzluqdan sui-istifadə imkanlarının qarşısının alınmasıdır. Bundan əlavə, Konvensiya mübahisəli məsələlərin həlli mexanizmini də gücləndirir.

Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan 1900-dən çox ikitərəfli vergi müqaviləsini əhatə edən Konvensiyaya qoşulan 102-ci ölkədir. Konvensiyaya tərəfdar çıxmaqla Azərbaycan qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesində aktiv iştirakını təmin edir.

Konvensiyanın tam təfsilatı ilə (ingilis dilində) aşağıdakı linkə keçid alaraq tanış ola bilərsiniz:
https://www.oecd.org/tax/beps/azerbaijan-signs-landmark-agreement-to-strengthen-its-tax-treaties.htm
 

Azərbaycan Vergi Xəbərləri, 17 noyabr 2023-cü il

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər əlavə dəyər vergisinin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınacaqdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli 387 nömrəli Qərarı ilə internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydası (“Qayda”) təsdiq edilmişdir.

Sözügedən Qayda rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınmasını, yenidən uçota alınmasını və uçotdan çıxarılması ilə bağlı təşkilati və hüquqi əsaslarını müəyyən edir.

Qeyd edək ki, elektron ticarəti həyata keçirən qeyri-rezident dedikdə, internet məlumat resursları vasitəsilə xidmətlər təmin edən və əməliyyatları yerinə yetirən, elektron kitabların, musiqinin, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənilməsi, reklamların yerləşdirilməsi kimi fəaliyyətləri həyata keçirən və xidmətləri satıcı (təchizatçı) kimi icra edən qeyri-rezident nəzərdə tutulur.

Qaydaya əsasən, Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərməyən və yuxarıda qeyd edilən elektron ticarət xidmətlərini göstərən qeyri-rezident elektron ticarət iştirakçılarının vergi inzibatçılığına dair platformasına məlumatları daxil edərək müraciət edir və təqdim edilən məlumatlar vergi orqanlarında mövcud olan məlumat bazalarından istifadə etməklə 20 iş günü müddətində Qaydaya uyğunluğu yoxlanıldıqdan sonra, imtina halları aşkar edilmədikdə qeyri-rezident şəxs uçota alınır.

Vergi uçotuna duran qeyri-rezidentlər Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq təqdim etdikləri xidmətlər (yuxarıda qeyd edilən xidmətlər nəzərə alınmaqla) üzrə aylıq əsasda əlavə dəyər vergisi (“ƏDV”) bəyannaməsini təqdim etməli və ƏDV-ni dövlət büdcəsinə ödəməlidirlər. Bu halda isə rezidentlər tərəfindən qeyri-rezident əvəzinə hesablanan və Vergi Məcəlləsinin 169-cu maddəsinə (qeyri-rezidentin ƏDV-yə cəlb edilməsi) əsasən hesablanan ƏDV ödəmə mənbəyində tutulmur.

Beləliklə, elektron ticarəti həyata keçirən qeyri-rezidentlər ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna durmalı, müəyyən edilmiş vaxta kimi vergi bəyannaməsini təqdim etməli və ƏDV-ni dövlət büdcəsinə ödəməlidirlər.

Aşağıdakı keçid vasitəsilə Qayda ilə ətraflı tanış ola bilərsiniz:

https://nk.gov.az/az/senedler/qerarlar/internet-informasiya-ehtiyati-vasitesile-elektron-7485
 

Azərbaycan Vergi Xəbərləri, 31 mart 2023-cü il

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısının təsdiq edilməsi haqqında

Bildirmək istəyirik ki, “”Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Fərman”) 18 mart 2023-cü il tarixində təsdiq edilmişdir.
Fərmana əsasən aşağıda qeyd olunan ölkələr və ərazilər güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına əlavə edilmişdir:

• Bəhreyn Krallığı
• Bruney-Darüssalam
• Qəmər Adaları İttifaqı
• Labuan (Malayziya)
• Qernsi
• Makao (ÇXR)
• Mavriki
• Men adası
• Nauru
• Seyşel Adaları

Fərmanın təfsilatı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://e-qanun.az/framework/53793

Dəyişikliklərlə bağlı hər hansı sualınız yaranarsa bizə çəkinmədən müraciət edə bilərsiniz.

Deloitte Azərbaycan Vergi və Hüquq komandası

Azərbaycan Vergi Xəbərləri, 6 yanvar 2023-cü il

2023-cü il üçün ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının həddi təsdiqlənib

Bildirmək istəyirik ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında və Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunları (bundan sonra “Qanunlar”) Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 dekabr 2022-ci ildə təsdiq edilmişdir.

Belə ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 246 AZN, əmək qabiliyyətli əhali üçün 261 AZN, pensiyaçılar üçün 199 AZN, uşaqlar üçün isə 220 AZN məbləğində müəyyən olunub.

Əlavə olaraq, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 AZN məbləğində müəyyən olunub.

Qeyd edək ki, Qanunlar 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək.

Azərbaycan Vergi Xəbərləri, 6 yanvar 2023-cü il

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər

Bildirmək istəyirik ki, 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (bundan sonra “Sərəncam”) imzalanıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 1 yanvar 2023-cü il tarixindən başlayaraq 345 AZN məbləğində müəyyən olunub.

Əlavə sualınız yaranarsa bizə çəkinmədən müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 5 sentyabr 2022-ci il

Bildirmək istəyirik ki, beynəlxalq vergitutma sahəsində dəyişən tendensiyaların nəzərə alınması, beynəlxalq vergitutma prinsiplərinin tətbiq edilməsi, transfer qiymətləri ilə bağlı aparılan sövdələşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin olunması, xüsusilə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (bundan sonra “İƏİT”) Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (bundan sonra “BEPS”) üzrə Fəaliyyət planından irəli gələn məsələlərin adıçəkilən Qaydalarda təsbit edilməsi və transfer qiyməti üsulunun əvvəlcədən müəyyənləşdirilməsi yanaşmasının təkmilləşdirilməsi məqsədilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 21 iyul 2022-ci il 17 nömrəli Qərarına əsasən “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda bir sıra dəyişikliklər edilib (bundan sonra “Qərar”). 

Beləliklə, İqtisadiyyat Nazirliyinin kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyasının 2017-ci il 27 yanvar tarixli qərarına bir sıra əlavələr və dəyişikliklər edilmişdir. 

Aşağıda bir sıra əhəmiyyətli yenilikləri və tətbiq edilmiş yeni anlayışları nəzərinizə çatdırırıq.

Məqbul interval

Bundan sonra transfer qiyməti bütün müqayisə edilən əməliyyatların seçilmiş müvafiq göstəricilərinin (qiymət, marja və ya xüsusi çəki) kvartillərarası məqbul intervalının tapılması yolu ilə hesablanacaqdır. Həmçinin edilmiş dəyişiklik ilə transfer qiyməti kvartillərarası məqbul intervaldan kənarda olarsa, bu zaman vergi həmin intervalın medianından istifadə edilməklə hesablanır. Onu da qeyd edək ki, müəssisənin yoxlanılan dövrdəki müvafiq göstəriciləri nəzarət olunmayan əməliyyatlar üzrə seçilən müəssisələrin yoxlanılan dövr və əvvəlki iki ilin orta göstəriciləri ilə müqayisə edilir. 

Sənədləşmə

Vergi ödəyicisi vergi orqanının tələbi ilə müəssisə qrupu, yoxlanılan müəssisə və nəzarət olunan əməliyyatlar barədə qanunvericilikdə tələb olunan bir sıra məlumatları özündə əks etdirən sənədləri vergi orqanına təqdim etməlidir. Qaydaların 7.4-cü bəndində vergi orqanı tərəfindən tələb olunan sənədlərin siyahısı təqdim edilir.

Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması

Qanuna əsasən vergi ödəyicisinin transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması ilə bağlı vergi orqanına etdiyi müraciətə baxılması müddəti 30 gün olaraq müəyyən edilmişdir.

Vergi orqanı tərəfindən verilən transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması barədə məktub vergi ödəyicisi tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş və vergi yoxlaması ilə əhatə olunmamış eyni əməliyyatlara münasibətdə də tətbiq edilə bilər. Lakin vergi orqanı ilə razılaşdırılmış transfer qiymətlərinin üsulu vergi orqanı tərəfindən başlamış və davam edən vergi yoxlaması ilə əhatə olunan əvvəlki dövrlərdə həyata keçirilmiş eyni əməliyyatlara tətbiq oluna bilməz. Həmçinin, vergi orqanı tərəfindən transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması çərçivəsində əməliyyatın xarakterindən asılı olaraq düsturlar və gəlirin bölüşdürülməsində istifadə edilən indikatorlar da qanuna edilən əlavələr sırasında yer alır. 

Eyni zamanda, Qərar çərçivəsində "Nəzarət olunan əməliyyatlar barədə Arayış”-ın və bu arayışa Əlavənin yenilənmiş forması da təsdiq edilmişdir.

Qanuna edilmiş dəyişikliklərlə aşağıdakı keçiddə “Transfer qiymətləri” moduluna daxil olaraq tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/beynelxalq-vergi-munasibetleri

Dəyişikliklərlə bağlı hər hansı sualınız yaranarsa, bizim Transfer qiymətləri üzrə ixtisaslaşmış peşəkarlarımıza müraciət edə bilərsiniz.

Deloitte Azərbaycan Vergi və Hüquq komandası

Azərbaycan Vergi Xəbərləri, 13 iyun 2022-ci il

Faiz gəlirlərinin vergiyə cəlb olunmasına dair dəyişikliklər qəbul edilmişdir

Bildirmək istərdik ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli Qanunu ilə Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir.

1. Məlum olduğu kimi, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində (yəni 2023-cü il fevralın 1-dək) fiziki şəxslərə dair aşağıdakı azadolmaların tətbiqi nəzərdə tutulur:

  • yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri;
  • emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.

Vergi Məcəlləsinə əlavə edilən 102.1.22-2-ci maddə əsasında yuxarıda qeyd edilən azadolmaların tətbiqi müddəti bitdikdən sonra, 2023-cü il fevralın 1-dən 5 (beş) il müddətində fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad gəlir hesab olunacaqdır.

Fiziki şəxslərin əmanəti üzrə yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən mövcud azadolmasının 1 fevral 2023-cü ildən sonra uzadılması haqqında hal-hazırda dəqiq məlumat yoxdur.

2. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə dəyişikliklər edilərək, rezident və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən aşağıda qeyd olunan şəxslərə faiz gəlirləri ödənildikdə ÖMV tutulması müəyyən edilir:

  • rezident fiziki şəxsə;
  • qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla);
  • Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə.

Beləliklə, rezident hüquqi şəxsə və ya qeyri-rezidentin daimi nümayəndəliyinə (banklar və kredit təşkilatları daxil olmaqla) faizlər ödənilərkən (maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizləri istisna olmaqla) ödəməni həyata keçirən rezidentin və ya qeyri-rezidentin daimi nümayəndəliyinin ÖMV öhdəliyi yaranmır.  Faizlərin alıcısı olan sözügedən hüquqi şəxs bu tip gəlirlərini tam məbləğdə mənfəət vergisi məqsədləri üçün bəyan etməlidir.

3. Vergi Məcəlləsinin 123.3-cü maddəsinin mətni yeni redaksiyada təqdim edilir.

Dəyişikliklərdən əvvəl Vergi Məcəlləsinin 123.3-cü maddəsinə əsasən, faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyidirsə, belə vergi ödəyicisinin mənfəət vergisinin hesablanması zamanı ödəmə mənbəyində tutulmuş verginin məbləğini nəzərə almaq hüququ vardı.  Yuxarıda qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə edilən dəyişikliklər əsasında rezident hüquqi şəxsin və ya qeyri-rezidentin daimi nümayəndəliyinin faiz gəlirləri artıq ÖMV-yə cəlb olunmadığından, ÖMV məbləğlərinin nəzərə alınması ehtiyacı qalmamış, və bu səbəbdən bu müddəalar çıxarılmışdır.

Yeni dəyişikliklər əsasında Vergi Məcəlləsinin 123.3-cü maddəsi aşağıdakı mətnlə əvəz edilmişdir:

“İstiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib surətdə hesablanır.”

Son olaraq qeyd edək ki, hazırkı xəbərlərin 2-ci və 3-cü bəndlərində qeyd edilən dəyişikliklər 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanunla növbəti keçid vasitəsilə tanış ola bilərsiniz: https://e-qanun.az/framework/49767

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 25 fevral 2022-ci il

“Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması təsdiq edildi

Bildiririk ki, “Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması təsdiq edilmişdir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində məlumat verilib. 

Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri vergi ili üzrə kreditor və debitor borcları barədə müəyyən edilmiş formada məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir. 

Məlumat üçün bildiririk ki, orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranmış debitor və kreditor borcları barədə 2022-ci il martın 31-dək və 2023-cü il martın 31-dək təqsdiq edilmiş məlumat formasında vergi orqanına təqdim etməlidirlər. 

“Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması ilə burada tanış ola bilərsiniz.

 

Azərbaycan Vergi Xəbərləri, 17 yanvar 2022-ci il

Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun (bundan sonra Qanun) Azərbaycan Republikasının Prezidenti tərəfindən 29 dekabr 2021-ci ildə təsdiq edilmişdir.

Vergi Məcəlləsinə edilən növbəti əsaslı dəyişikliklər seriyası Məcəlləyə yeni anlayışların daxil edilməsi ilə yanaşı bir çox digər yenilikləri də əhatə edir. Belə ki, yeniliklərin əhatə dairəsi əsasən kölgə iqtisadiyyatı ilə mübarizəyə qarşı vergi nəzarət mexanizmlərinin gücləndirilməsi, vergi əməletməsi ilə bağlı vergi ödəyiciləri üçün nəzərdə tutulan vəzifələr, vergi inzibatçılığı ilə bağlı tələblərin artırılması, beynəlxalq vergiqoyma ilə bağlı yeni konsepsiyaların tətbiqi, rəqəmsallaşma fonunda texnologiyaların tətbiqinin genişləndirilməsi və eləcədə bir sıra digər dəyişikliklərdən ibarətdir. 

Bu buraxılışımızda sizə yuxarıda sadalanan və həmçinin ayrı-ayrı vergi növləri üzrə nəzərdə tutulan dəyişiklikləri həm birbaşa həm də müqayisəli formada nəzərinizə çatdırmaq istəyirik. 

Dəyişikliklərlə bağlı hər hansı sualınız yaranarsa bizə çəkinmədən müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 15 noyabr 2021-ci il

Vergi Məcəlləsində və Nağdsız hesablaşmalar haqqında Qanun layihələri sabah birinci oxunuşdan keçəcək

Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinin (“Qanun layihəsi”),  eləcə də Nağdsız hesablaşmalar haqqında və Sosial sığorta haqqında Qanuna dəyişiklik edilməsi haqqında Qanun layihələrinin 16 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində ilk oxunuşdan keçməsi nəzərdə tutulur. 

Qeyd etmək lazımdır ki, Qanun layihəsində 1 yanvar 2022-ci ildən etibarən tətbiq edilməsi nəzərdə tutulan bir sıra dəyişikliklər təqdim edilmişdir. Ümumilikdə Qanun layihəsində mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi, aksiz vergisi ilə bağlı bir sıra dəyişikliklər, vergi güzəştləri və azadolmaları, eləcə də vergi inzibatçılığı ilə əlaqədar bir sıra yeniliklər öz əksini tapıb. 

Aşağıda sizə Qanun layihəsində nəzərdə tutulan əsas yeniliklərin kiçik bir qismini diqqətinizə çatdırmaq istəyirik:

Mənfəət vergisi

Nəzərə çarpan əsas dəyişikliklərdən biri icarəçinin balansında olmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclərlə bağlıdır. Belə ki, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə götürən tərəfindən əvəzi ödənilməyən xərclərin icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunması nəzərdə tutulur.

Əlavə dəyər vergisi (“ƏDV”)


  • Qanun layihəsində Vergi Məcəlləsinə müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğlərinin malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilməsi ilə bağlı yeni müddəa əlavə edilib.  Bununla yanaşı aşağıdakıların ƏDV-dən azad olunması nəzərdə tutulur:
  • Hərbi məqsədlər üçün istifadə olunan xüsusi proqram təminatları;
  • İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;
  • Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı;
  • Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərti ilə kənd təsərrüfatı istehsalçılarına müəyyən haqla və müəyyən müddətə lizinqə (icarəyə) verilməsi;
  • Kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi;
  • Beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi;
  • Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı ƏDV-dən azad olacaq.

Daha bir mühüm dəyişikliyə əsasən 2022-ci ilin 1 yanvar tarixindən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 2 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanacaq.

Aksiz vergisi

Qanun layihəsində bəzi məhsullara tətbiq edilən aksiz dərəcəsinin artırılması nəzərdə tutulur:

 

    Aksizli məhsulun adı 

                                                                   Hazırda  qüvvədə olan (hər litr üzrə)                                                      

       2022-ci ildən        qüvvədə olacaq           (hər litr üzrə)                                                              

  içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti)

 

  3,2  manat;    
4  manat;

 

araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları

 3,2 manat;  4 manat;   

 

konyak və konyak materialları

 

 3,2 manat; 4 manat;

Eləcə də tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə tətbiq edilən aksiz vergisi 35 manatdan 38.5 manata qaldırılır. 

Digər dəyişikliklər

Qanun layihəsində əmlak vergisi ilə bağlı yer alan əsas dəyişikliklərdən biri də müəssisələrlə yanaşı  fərdi sahibkarların da əsas vəsaitlərinin Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi tutulmasıdır. Daha bir vurğulanması vacib məqam malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda vergi orqanlarına nəzarət postlarının qurulması və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərinin verilməsindən ibarətdir.

Bundan əlavə Qanun layihəsində vergi inzibatçılığı, vergi orqanlarının və vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin müəyyən edilməsi, yeni maliyyə sanksiyaları, eləcə də vergilərin bazar və transfer qiyməti ilə hesablanmasına dair bir sıra yeni və yenilənmiş müddəalar öz əksini tapır. Nağdsız hesablaşmalaq haqqında Qanuna təklif edilən dəyişikliklər

  • Əlavə olaraq bildirmək istərdik ki, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunlu dəyişikliklər nəzərdə tutulur. Belə ki, 2022-ci ilin yanvarın 1-dən etibarən aşağıda sadalanan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsinə yol veriləcək:
  • ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
  • pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər;
  • mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər;tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər;
  • “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).”

Qeyd etmək istərdik ki, Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinin daha ətraflı təqdimatını növbəti buraxılışlarımızda sizə təqdim edəcəyik.

Qanun layihələrinin təfsilatı ilə aşağıdakı linklərə keçid alaraq tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında  

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Vergi Xəbərləri, 19 oktyabr 2021-ci il

Sənaye parklarının rezidentlərinə tətbiq edilən vergi və gömrük rüsumları ilə bağlı güzəşt müddəti uzadıldı

Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi ilə bağlı qanunlar  (“Qanun”) təsdiq edilmişdir. 

Qanuna əsasən sənaye parklarının rezidentləri üçün nəzərdə tutulan malların idxalı ilə bağlı vergi və gömrük rüsumlarına dair güzəşt müddəti daha 5 il uzadılmışdır. Dəyişikliyə əsasən sənaye parklarının rezidentləri tərəfindən idxal edilən mallar əlavə dəyər vergisindən və eləcə də gömrük rüsumlarından 1 may 2016-cı ildən başlayaraq 10 il müddətində azad edilir.

Qanun 1 may 2021-ci ildən qüvvədədir.   

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 29 sentyabr 2021-ci il

Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin gəlirdən çıxılması qaydası təsdiq edildi

22 Sentyabr, 2021 tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən  “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”  (“Qayda”) təsdiq edilib. Bu qərarla təsdiq edilmiş Qaydanın 2.4.2-ci yarımbəndi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Bu xəbər bülletenində Qayda ilə bağlı bəzi əsas məqamları diqqətinizə çatdırmaq istəyirik.

Belə ki, Qayda banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını müəyyən edir.

Qaydaya əsasən, banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyatlarını maliyyə bazarları tənzimləyicisinin müəyyən etdiyi qaydaya uyğun yaradır. 

Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası isə aşağıdakı kimi müəyyən olunur:

Bank olmayan kredit təşkilatları

  • Bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydaya uyğun yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır.
  • Bank olmayan kredit təşkilatları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır. 

Kredit ittifaqları

  • Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır.
  • Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır. 

Banklar

Aşağıdakı hallarda xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir: 

  • Nəzarət altında olan təminatsız aktivlər, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər üzrə xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin 100 faizi;
  • Banka aidiyyəti olan şəxslərə verilən kreditlər üzrə bu Qaydanın 2.1.1-ci yarımbəndi ilə müəyyən edilən gəlirdən çıxılmalara yol verilən məbləğin 50 faizi; 
  • Verilmiş kreditlər üzrə faizlərin ödənilməsi 90 (doxsan) gündən çox gecikdirildiyi halda hesablanmış faizlər üzrə yaradılmış xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin 100 faizi. 

Eləcə də Qaydada xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin hansı hallarda vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilməməsi ilə bağlı müddəalar da yer almışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad edilən qərarı ilə bağlı daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://nk.gov.az/az/article/1809/

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 7 iyul 2021-ci il

Azərbaycan İƏİT-in tərəfdaş ölkəsi kimi təsdiq edildi

Bildiririk ki, 2021-ci ilin 1 iyul tarixində Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Ölkələrarası Hesabatların Mübadiləsinə aid Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişini imzalayaraq tərəfdaş ölkə kimi təsdiq olunmuşdur. Bu barədə məlumat artıq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində dərc edilmişdir.

Azərbaycan Respublikasının bu sazişə qoşulması “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsində qeydə alınmış 4 minimal standartdan biri olan 13–cü Tədbirin (transfer qiymətləri üzrə sənədləşmə) tələblərinin həyata keçirilməsi ilə bağlıdır. 

Bundan əlavə sazişin effektiv icrası məqsədilə "Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası" hazırlanıb və təsdiq edilib. Bu qaydalar Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Saziş üzrə götürülmüş öhdəliklərin vaxtında icrası məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən və maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək müvafiq bildirişi, transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonuna qədər isə hesabatı vergi orqanına təqdim etməlidir.

Sazişin tələblərindən irəli gələn müvafiq bildiriş və hesabatların təqdim edilməsi üçün artıq istifadəyə verilmiş elektron platforma da mövcuddur.

Yuxarıda qeyd olunanlarla bağlı əlavə sualınız yaranarsa, çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 23 aprel 2021-ci il

Vergi Məcəlləsində istinad edilən müvafiq icra hakimiyyəti orqanlarının hansı dövlət qurumları olduğu təsdiqləndi

Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin 19 aprel tarixli Fərmanı ilə (“Fərman”) Azərbaycan Respublikası Vergi Məcəlləsində (“Məcəllə”) istinad  edilən müvafiq icra hakimiyyəti orqanlarının siyahısı təsdiq olunmuşdur. Fərmanda Məcəllənin müvafiq maddələri üzrə məsələlərə baxılması və eləcə də yerinə yetirilməsi həvalə edilən müvafiq icra hakimiyyəti orqanlarının adları qeyd edilir.Bu buraxılışımızda

Fərman üzrə təsdiq olunmuş bir sıra qurumlar barədə məlumat vermək istəyirik.

Vergi Məcəlləsində istinad olunan müvafiq icra hakimiyyəti orqanlarının siyahısı

Fərmana əsasən:

  • Məcəllənin 13.2.59-cu maddəsində anlayışı qeyd olunmuş maliyyə bazarlarına nəzarət orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankı kimi müəyyən edilib.
  • Məcəllənin 101.1-4 maddəsində qeyd olunan, fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını təyin edən orqan Azərbaycan Respublikasının Nazirlər Kabineti kimi müəyyən edilib.   
  • Məcəllənin 150.3.3-cü maddəsində nəzərdə tutulan ödəmə mənbəyindən vergi tutulan şəxslər tərəfindən təqdim edilən bəyannamənin formasını təsdiq edən orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kimi müəyyən edilib.
  • Məcəllənin 102.8-ci maddəsində qeyd olunan fiziki şəxslərin əmək haqqından tutulan vergi güzəştləri hüququndan istifadəsi üçün zəruri sənədləri müəyyənləşdirən qurum Azərbaycan Respublikasının Nazirlər Kabineti kimi müəyyən edilib.

Vergi Məcəlləsində istinad edilən müvafiq icra hakimiyyəti orqanlarının tam siyahısı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

https://president.az/articles/51200

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 10 mart 2021-ci il

Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklər

Bildiririk ki, 2021-ci ilin 9 mart tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır. 

Bu buraxılışımızda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 23 fevral 2021-ci il Azərbaycan Respublikası Qanununda (“Qanun”) təqdim edilmiş əsas dəyişiklikləri nəzərinizə çatdırmaq istəyirik.

Əlavə dəyər vergisi  (“ƏDV”) üzrə bir sıra azadolmaların müddəti uzadılmışdır

Dəyişikliklərə əsasən:

  • Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 7 il müddətinə
  • ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 5 il müddətinə
  • kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 5 il müddətinə
  • siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilir.

Eyni zamanda Vergi Məcəlləsinə aşağıdakı məzmunda yeni 164.1.54-cü – 164.1.55-ci maddələr əlavə edildi:

  • Yeni 164.1.54-cü maddəyə əsasən qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir;
  • Daha bir yeni əlavə edilən 164.1.55-ci maddəyə əsasən külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı ƏDV-dən azad edilən əməliyyatların siyahısına əlavə edilmişdir.

Aksiz vergisi üzrə azadolmalar və yeni aksiz dərəcələri

Vergi Məcəlləsinə əlavə edilmiş yeni 188.1.7-ci maddəyə əsasən Məcəllənin 188.1.1-ci  maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksiz vergisindən azad edilir.

Bundan başqa bir sıra məhsullarla bağlı aksiz dərəcələrinə dəyişikliklər edilmişdir. Beləliklə, qanunun qəbul olunduğu tarixdən qüvvəyə minmiş yeni aksiz dərəcələrini müqayisəli şəkildə nəzərinizə çatdırırıq:

Məhsul Əvvəlki aksiz dərəcəsi Yeni aksiz dərəcəsi
siqarilla (nazik siqarlar) – 1000 ədədinə 31 AZN 43 AZN
tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 31 AZN 35 AZN
elektron siqaretlər üçün maye – hər litrinə 20 AZN 100 AZN

 

Bundan əlavə Vergi Məcəlləsinə aşağıdakı məzmunda yeni 190.3.14-cü – 190.3.15-ci maddələr əlavə edildi:

  • 190.3.14-cü maddəyə əsasən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər – hər kiloqramına 30,0 manat;
  • 190.3.15-ci maddəyə əsasən isə qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat aksiz dərəcəsi tətbiq ediləcəkdir.

Əlavə olaraq onu da qeyd edək ki, Qanuna əsasən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və həmçinin qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları da Vergi Məcəlləsinin 190.1-ci maddəsi ilə əhatə edilən aksizli mallara aid ediləcəkdir.

Qanunun təfsilatı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

https://meclis.gov.az/documents/266-VQD.pdf

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 2 fevral 2021-ci il

Startapın müəyyən olunması meyarları təsdiqləndi

Məlum olduğu kimi 2019-cu ildən etibarən Vergi Məcəlləsinə “Startap” anlayışı daxil edilmişdir. Eyni zamanda Vergi Məcəlləsi ilə “Startap” şəhadətnaməsi alanlar üçün vergi güzəştləri müəyyən olunur. Belə ki, “Startap” şəhadətnaməsi alanlar  şəhadətnamə alandan sonra 3 il müddətinə gəlir/mənfəət vergisindən azad edilir. Sözügedən güzəşti əldə etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 29 yanvar 2021-ci il 20 saylı Qərarı ilə Startapın müəyyən olunması meyarlarını (bundan sonra “Meyarlar”) təsdiqlədi.

“Startap” şəhadətnaməsi almaq üçün müraciət edən şəxslər:

  • mikro və ya kiçik sahibkarlıq subyekti olmalı;
  • orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payı 49 faizdən çox olmamalı;
  • rezident vergi ödəyicisi olmalıdır.

Bundan əlavə ərizəçilərin təqdim edəcəyi məhsulla bağlı da aşağıdakı meyarlar müəyyən edilmişdir:

  • məhsul (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunmalı; 
  • innovativ təşəbbüsə əsaslananmalı:
  1. mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması; 
  2. yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşmasına əsaslanmalıdır.
  • rəqabətqabiliyyətli olmalıdır; 
  • qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması olmalıdır; 
  • digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməlidir.

Əlavə olaraq nəzərinizə çatdıraq ki, Meyarlarda “Startap” şəhadətnaməsinin alınması qaydası, şəhadətnamə itirildikdə onun dublikatının verilməsi və eləcə də şəhadətnamənin ləğv edilməsi qaydaları da öz əksini tapıb. Qeyd edək ki, “Startap” şəhadətnaməsinin alınması üçün ərizəçi özü və ya təmsilçisi tərəfindən imzaladığı ərizəni elektron və ya yazılı formada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təqdim etməlidir.

Meyarların təfsilatı ilə buradan tanış ola bilərsiniz:

https://nk.gov.az/az/document/5114/ 

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 23 dekabr 2020

2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramlarının tarixləri elan edildi

18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramlarının qeyri-iş günləri olmaqla aşağıdakı qaydada müəyyən edilmişdir: 

i. 20-24 mart - Novruz bayramı;

ii. 13-14 may – Ramazan bayramı;

iii. 20-21 iyul – Qurban bayramı.


2021-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə 2021-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.  İstehsalat təqvimini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıda qeyd olunmuş rəsmi internet səhifəsindən  əldə etmək olar http://sosial.gov.az/istehsalat-tqvimi

2021-ci ildə aşağıdakı tarixlər iş günü hesab edilməyən bayram günləri kimi müəyyən olunub: 

i. 1-2 yanvar – Yeni il bayramı;

ii. 8 mart – Qadınlar günü;

iii. 20-24 mart - Novruz bayramı;

iv. 9 may - Faşizm üzərində Qələbə günü;

v. 13-14 may – Ramazan  bayramı;

vi. 28 may - Respublika günü;

vii. 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş  günü;

viii. 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

ix. 20-21 iyul – Qurban bayramı;

x. 8 noyabr – Zəfər günü;

xi. 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;

xii. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.


20 yanvar iş günü hesab edilməyən Ümumxalq hüzn günü kimi müəyyən olunub.

Azərbaycan Vergi Xəbərləri, 30 noyabr 2020

Bildiririk ki, Azərbaycan Respublikasının 23 noyabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” 2020-ci ilin 6 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu (“Qanun”) və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Yuxarıda adı çəkilən Məcəllələr üzrə edilən önəmli vergi yönümlü dəyişiklikləri aşağıda diqqətinizə çatdırırıq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Bu Məcəllənin 355-5.1-ci maddəsinə edilən yeni dəyişikliyə əsasən artıq vergi ödəyiciləri və sığortaedən vergi ilə yanaşı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, müvafiq borcların faizlərin və maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədilə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə vergi orqanları məhkəməyə müraciət etmək hüququna sahib olur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 205-1 və 213-1-cı maddələrinə edilən dəyişikliklər ilə məcburi nişanların və eləcə də məcburi nişanlama ilə nişanlanmalı olan malların dövriyyəsi ilə bağlı aşağıdakı cərimələr tətbiq olunacaq:

- məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və ya satma iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 - məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

- Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsilə məcburi nişanlama ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi

Bu Məcəlləyə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması halları ilə əlaqədar 9.3.6-1 və 17.1.6-1-ci maddələr yeni redaksiyada təqdim edilmişdir:

Belə ki, Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vergi ilə yanaşı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, sadalananlar üzrə borcları və faizləri, maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək bu şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə edilən dəyişiklikdən sonra artıq icbari tibbi sığorta haqlarını ödəməkdən yayınan şəxs müvafiq yayınmış məbləğin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. 

Lakin əlavə olaraq qeyd edək ki, yuxarıda adıçəkilən əməli ilk dəfə törətmiş şəxs inzibati məsuliyyətdən inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə azad edilə bilər. 

Məcəllənin 508-ci maddəsinə edilən digər dəyişikliyə əsasən beş yüz manatadək olan məbləğdə məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan idxal edilməsinə görə belə mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanunu

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə edilən dəyişikliyə əsasən ƏDV qeydiyyatı olan ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlərinin nağdsız qaydada həyata keçirilməsi ilə bağlı qoyulan qadağa götürülmüşdür.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Məcəllədə edilən dəyişikliyə əsasən 89.13-cü maddəyə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış sözləri də əlavə edilmişdir. Qeyd edək ki, sözügedən maddə yuxarıda sadalananların və aksiz markası ilə markalanmalı olan markalanmamış və saxta aksiz markası ilə markalanmış malların siyahıya alınma qaydalarını müəyyən edir.

Qanunun təfsilatı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://e-qanun.az/framework/46320#

http://e-qanun.az/framework/46319

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 18 noyabr 2020

Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası təsdiqləndi 

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 saylı Qərarına əsasən “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” (bundan sonra “Qayda”)  təsdiqlənib.

Müvafiq Qayda nağd pul vəsaitlərinin bank hesablarından çıxarılması, digər şəxslərdən qəbulu, kassaya mədaxili və təyinatı üzrə istifadəsi, pul vəsaitlərinin kassaya mədaxili və məxarici üzrə sənədlərin, kassa kitabının tərtibi və pul vəsaitlərinin saxlanılması ilə bağlı məsələləri tənzimləyir.

Qaydaya əsasən vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 (beş) iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilə bilər. Təhtəlhesab şəxslər tərəfindən alınmış avanslara görə məxaric sənədlərində göstərilən müddət ərzində, lakin 5 (beş) iş günündən gec olmayaraq və ya həmin müddətin sonuncu günü onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim etməlidir.

Əlavə olaraq diqqətinizə çatdırırıq ki, sözügedən Qaydaya əsasən ezam olunan şəxslərə verilən və xərclənməyən nağd pul ezamiyyət müddəti başa çatdıqdan sonra ən geci 3 (üç) iş günü ərzində avans hesabatı təqdim edilməklə, vergi ödəyicisinin kassasına qaytarılır.

Qeyd etmək lazımdır ki, vergi nəzarəti tədbirləri zamanı işəgötürən tərəfindən təhtəlhesab şəxsə verilmiş vəsaitin yuxarıda göstərilən qaydaya uyğun olaraq geri qaytarılmaması halı aşkar edildikdə, həmin vəsaitin məbləği təhtəlhesab şəxsin muzdlu işlə əlaqədar əldə edilən gəliri kimi qiymətləndirilə və beləliklə gəlir vergisinə, məcburi dövlət sosial və işsizlikdən sığorta haqlarına cəlb edilə bilər.

Qayda ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

http://www.e-qanun.az/framework/46065

Azərbaycan Vergi Xəbərləri, 5 avqust 2020

Sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək

Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. 

Qərara əsasən, pandemiya ilə əlaqədar mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nəzərinizə çatdıraq ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.

Qeyd etmək lazımdır ki, maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. Bu o deməkdir ki, həmin vergi ödəyicilərinin yenidən qeydiyyatdan keçməsi tələb edilmir. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də avqust ayının 10-dək müraciət edə bilərlər.

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.Deloitte Azərbaycan Vergi və Hüquq komandası

Azərbaycan Vergi Xəbərləri, 29 iyul 2020

Riskli vergi ödəyiciləri və riskli əməliyyatlar üzrə meyarlar təsdiqləndi

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 saylı Qərarına əsasən riskli vergi ödəyicilərinin, o cümlədən riskli əməliyyatların meyarları təsdiqlənib.

Belə ki, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir:

• Riskli əməliyyatlar apardıqda yəni, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, yaxud vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə);

• Vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkarlandıqda;

• İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə. Vurğulayaq ki, bu zaman digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);

• Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların  vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla);

• Vergi ödəyicisinin satış məqsədləri üçün son altı ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı üç dəfə artıq olduqda (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla);

• Yuxarıda sadalananlar üzrə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs və riskli vergi ödəyicisi olan hüquqi  şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;

• Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

Nəzərinizə çatdırırıq ki, əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc ediləcək.

Əlavə olaraq, elektron qaimə-faktura sistemi vasitəsilə aparılan  əməliyyatlar zamanı riskli vergi ödəyiciləri barədə məlumat xəbərdarlıq xarakterli bildirişlərdə əks olunacaq.

Azərbaycan Vergi Xəbərləri, 13 may 2020

 Vergi və sosial sığorta sahəsində güzəştlər

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Qanunu  və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu 8 may 2020-ci il  tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 3-cü oxunuşda təsdiq edilmişdir.

Ümumilikdə, nəzərdə tutulan dəyişikliklər Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədi daşıyır.

Qoşmadakı sənəddə Sizə faydalı olacağına inandığımız gözlənilən əhəmiyyətli yeniliklər haqqında məlumat verməkdən məmnunluq duyuruq. 

 

Azərbaycan Vergi Xəbərləri, 6 may 2020

ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması mexanizmi müəyyən edilib

Bir müddət öncə yayımladığımız xəbər buraxılışında qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə fiziki şəxslər tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə xidməti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin qaytarılması Qaydası (“Qaydalar”) təsdiq edilmişdir.

Dövlət Vergi Xidmətinin rəsmi saytında dərc olunan xəbərə əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması mexanizmi ilə bağlı texniki işlər artıq yekunlaşmışdır. Belə ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması prosesinə cəlb ediləcək müvəkkil bank olaraq “Kapital Bank” müəyyən edilmiş və prosesin aparılacağı www.edvgerial.az portalı yaradılmışdır.

Qaydalara əsasən, ƏDV-nin qaytarılması üçün aşağıda sadalanan 3 meyar əsas götürülür :

  •  müraciət edən istehlakçı tərəf fiziki şəxs olmalı;
  •  satıcı və ya xidmət göstərən tərəf ƏDV ödəyicisi olmalı;
  •  satıcı yeni nəsil nəzarət-kassa aparatlarından istifadə etməlidir.

ƏDV-nin qaytarılması üçün ilk olaraq www.edvgerial.az portalında qeydiyyatdan keçən istehlakçı əldə etdiyi nəzarət-kassa aparatı çeki və ya POS-terminal çıxarışında qeyd olunan məlumatları, çeki əldə etdiyi tarixdən 90 gün ərzində portala daxil etməklə ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı müraciət edir.  Qeyd edək ki, istehlakçı Kapital Bankın təqdim etdiyi “BirBank” tətbiqi vasitəsilə də çekin üzərdindəki QR kodu oxudaraq müraciət edə bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu şəxsin elektron kabinetində avtomatik əks olunacaq.

Dövlət Vergi Xidməti tərəfindən məlumatların düzgünlüyü və uyğunluğu yoxlanıldıqdan sonra məlumatlar müvəkkil banka ötürülür. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi çekin çap olunduğu tarixdən 30 gün müddətində istehlakçının www.edvgerial.az portalında yaradılan virtual “pul qabı”na ödənilir. Daha sonra istehlakçı bu hesabda cəmlənən vəsait ilə bir sıra elektron ödənişlər həyata keçirə və ya ölkədaxili bank kartına köçürmə edə bilər.

Bir əsas məqamı da nəzərinizə çatdıraq ki, yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

 

Xüsusi karantin rejimi ilə əlaqədar vergi hesabatlarının təqdim edilməsi müddəti müəyyənləşib

Məlum olduğu kimi ölkə ərazisində tətbiq edilən karantin rejiminin müddəti 31 may 2020-ci ilə kimi uzadılması ilə bağlı bəzi fəaliyyət sahələri üzrə məhdudiyyətlər saxlanılsa da, ölkə ərazisində regionlardan asılı olaraq bəzi fəaliyyət sahələri üzrə məhdudiyyətlər aradan qaldırılmışdır.

Bununla bağlı Dövlət Vergi Xidmətinin rəsmi saytında dərc olunan məlumata əsasən vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti müəyyən edilmişdir.

Belə ki, fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən vergi ödəyiciləri 5 may 2020-ci il tarixinə kimi aşağıdakı vergi hesabatlarını təqdim etməli və vergiləri ödəməlidirlər:

  • 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatları;
  • 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatları;
  • 2020-ci ilin birinci rübü üçün rüblük hesabatları;
  • cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi.

Fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə isə yuxarıda sadalananlar üzrə və əlavə olaraq aprel ayı üçün aylıq hesabatların təqdim edilməsi müddəti 31 may 2020-ci il tarixinə kimi uzadılmışdır.

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Deloitte Azərbaycan Vergi və Hüquq komandası

Azərbaycan Vergi Xəbərləri, 23 aprel 2020

Gözlənilən vergi güzəştləri və tətilləri 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi açıqlanmışdır.

Qoşamadakı sənəddə Sizə faydalı olacağına inandığımız gözlənilən əhəmiyyətli yeniliklər haqqında məlumat verməkdən məmnunluq duyuruq. 

Əgər hər hansı bir sualınız yaranarsa və yaxud əlavə məlumat və izaha ehtiyacınız yaranarsa, Deloitte vergi mütəxəssislərinə öz sualınızla müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 20 aprel 2020

Vergi hesabatlarının təqdim edilməsi üzrə müddətlər uzadıldı

19 aprel 2020-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində dərc edilmiş məlumatda vergi hesabatlarının təqdim olunması və vergilərin ödənilməsinin müddətinin uzadılması bildirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. 

Xüsusi karantin dövrü ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə qeyri-iş günlərinin vaxtının uzadılmasını, eləcə də Vergi Məcəlləsinin 68.2-ci maddəsinin müddəalarını nəzərə alaraq, fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən aşağıda sadalanan vergi hesabatlarının təqdim edilməsi və vergilərin ödənilməsinin son müddəti 4 may 2020-ci il tarixinə kimi uzadılır:

• 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatlar;

• 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatlar;

• 2020-ci ilin birinci rübü üçün rüblük hesabatlar;

• Cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi.

Əgər hər hansı bir sualınız yaranarsa, Deloitte vergi mütəxəssislərinə öz sualınızla müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 8 aprel 2020

Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi

Daha öncəki xəbərimizdə qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixində “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq edib. 

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi veb səhifəsində Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlanıb.  

Bu tədbirlərin üç mərhələdə həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.  İlk növbədə aşağıdakı tədbirlərin həyata keçirilir:

  •  pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi - İşçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək. Orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alan işçilər üzrə, kompensasiyalar orta aylıq əməkhaqqı həddini (712 AZN) aşmamaq şərtilə hesablanacaq.  
 
  •  fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi - Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir və ayrılan vəsait həmin fərdi sahibkarların bank hesablarına köçürülür. Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 AZN-dən az olduğu təqdirdə 250,0 AZN məbləğində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Maliyyə dəstəyi üçün yuxarıda qeyd olunan müraciətlər vergi ödəyicisinin İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə təqdim edilməlidir.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli Qərarı ilə “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilib.  Qərarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 AZN məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub.

Hər hansı sualınız yaranarsa, çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 3 aprel 2020

Vergi hesabatlarının təqdim edilməsi müddətləri

Azərbaycan Respublikası Nazırlər Kabinetinin 31 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərarı ilə Qərarın 2 nömrəli əlavəsində Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı müəyyən edilmişdir. (Siyahı ilə qoşmada tanış ola bilərsiniz)

Bu Qərarın 2 nömrəli əlavəsi ilə xüsusi iş (əmək) rejimi çərçivəsində  fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmiş, həmin siyahıda qeyd edilməyən digər istiqamətləri üzrə fəaliyyət məhdudlaşdırılmışdır.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi veb səhifəsində yerləşdirilmiş məlumata əsasən xüsusi karantin dövrü ilə (2020-ci il 31 mart -20 aprel) vergi hesabatlarının verilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilmişdir:

1. fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının verilməsi müddəti - 6 aprel 2020-ci il;

2. fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının verilməsi müddəti - 21 aprel 2020-ci il.

Hər hansısa bir sualınız yaranarsa, çəkinmədən bizə müraciət edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 24 mart 2020

Fiziki şəxs olan istehlakçılar tərəfindən alınmış mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması qaydası təsdiq olundu.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə fiziki şəxslər tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə xidməti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin qaytarılması Qaydası (“Qaydalar”) təsdiq edilmişdir. 

Qaydalara əsasən fiziki şəxslər pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV məbləğini müvafiq qaydada müraciət edərək köçürmə yolu ilə geri ala biləcəklər. Qeyd edək ki, ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçiriləcək. İstehlakçı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa, ƏDV həmin şəxslərin milli valyutada bank kartı (və ya hesabı) olduqda qaytarılacaq.

Bunun üçün ilk olaraq istehlakçı fiziki şəxs ƏDV-nin qaytarılması məqsədləri üçün yaradılan portal - vahid informasiya bazasında qeydiyyatdan keçməlidir. İstehlakçı əldə etdiyi nəzarət-kassa aparatı çeki və ya POS-terminal çıxarışında qeyd olunan məlumatları çeki əldə etdiyi tarixdən 90 gündən gec olmayaraq portala daxil etməklə ƏDV-nin qaytarılması ilə bağlı müraciət edir.  Portala daxil olan müraciət çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir. Dövlət Vergi Xidməti tərəfindən məlumatların düzgünlüyü və uyğunluğu yoxlanıldıqdan sonra məlumatlar müvəkkil banka ötürülür. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi müraciətin portalda qeydə alınmasından 30 gün müddətində istehlakçının bank hesabına ödənilir.

Bundan əlavə, Qaydalarda ƏDV qaytarıldıqdan sonra istehlakçının malı qaytarması proseduru da müəyyən edilmişdir. Belə ki, istehlakçı malı qaytardığı təqdirdə satıcı tərəfindən ona ödəniləcək məbləğ qaytarılmış ƏDV məbləği qədər azaldılaraq istehlakçıya ödəniləcək.

Qaydaların təfsilatı ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.

https://president.az/articles/36239  

 

 

Azərbaycan Vergi Xəbərləri, 19 mart 2020

Elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələri üzrə fəaliyyət göstərən müəssisələrin meyarları təsdiq edildi.

Bildiririk ki, Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli, 88 nömrəli Qərarı ilə vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları təsdiq edilmişdir.

Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin tələbləri əsasında hazırlanmışdır. Belə ki, VM-nin 106.1.18-ci maddəsində vergi ödəyicilərinin (paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) mənfəətinin 10 faizindən çox olmayan hissəsinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülməsi 2019-cu il 1 yanvar tarixindən etibarən 10 il müddətinə mənfəət vergisindən azad edilir. Adı çəkilən sahələrdə fəaliyyət göstərən müəssisələr üzrə meyarlar aşağıdakı kimi müəyyənləşib:

Elm sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatlar:

• Təsis sənədində elmi fəaliyyətlə məşğul olması qeyd edilməli;

• Müvafiq akkreditasiyadan keçməli;

• Elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqat aparmalı;

• Ən azı 5 nəfər elmi işçisi olmalıdır.

Təhsil sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar aşağıdakı meyarlardan birinə cavab verməlidir:

• Müəssisə dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olmalı;

• Müvafiq lisenziyaya sahib olmalıdır.Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisələr:

• Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olmalıdır;

• Köçürülən vəsait nizamnaməsində əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün istifadə edilməlidir.

İdman sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar:

• Qanunla müəyyən edilmiş şəkildə “İctimai birlik” şəklində yaradılan federasiya və ya idman klubu olmalıdır;

• Köçürülən vəsait təsis sənədlərində nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməlidir.

Son olaraq mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələr üçün aşağıdakı meyarlar müəyyən edilmişdir:

• Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə mədəniyyət və incəsənət sahəsində çalışan, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla);

• Teatr, kitabxana və ya muzeylər kimi fəaliyyət göstərənlər.

Qərarda düzgün hesabatlılığa əsaslanan bəzi tələblər də müəyyən edilmişdir. Belə ki, meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada həyata keçirilməlidir. Onu da qeyd edək ki, ödənişi alan təşkilat hesabat ili bitdikdən sonra bir ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri vəsaiti köçürən şəxsə təqdim etməlidir.

Azərbaycan Vergi Xəbərləri, 5 sentyabr 2019

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik

Azərbaycan Respublikası Prezidenti tərəfindən 12 iyul 2019-cu il tarixində “Azərbaycan Respublikasının İnzibati  Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun  imzalanıb. Dəyişikliklər Məşğulluq haqqında qanunvericiliyin pozulması ilə bağlıdır.

Dəyişikliklərə əsasən:

·  İşəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

·  İşəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

·  Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə işəgötürən  – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə işəgötürən – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Vergi Xəbərləri, 23 avqust 2019

Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması

Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta (İS) haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları təsdiq edilmişdir.

Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra üç il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra beş il müddətində tələb etmək hüququna malikdir.

Sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş İS haqlarının və hesablanmış faizlərin məbləğinin qaytarılmasını və ya İS haqlarını ödəməkdən yayınma və İS qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə İS ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini hesabat dövrü qurtardıqdan sonra beş il müddətində tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunmuş müddətlə bağlı müəyyən edilmiş məhdudiyyət MDSS haqlarına, hesablanmış faizlərə və MDSS qanunvericiliyinin pozulmasına görə müəyyən olunan maliyyə sanksiyalarına münasibətdə tətbiq edilmir.

Büdcəyə artıq ödənilmiş MDSS haqları və onlara aid faizlər, maliyyə sanksiyaları İS haqları və İS haqları üzrə hesablanmış faizlərə görə borcların ödənilməsinə yönəldilə bilər, və əksinə, artıq ödənilmiş İS haqları və onlara aid faizlər MDSS haqları, MDSS haqları üzrə faiz və maliyyə sanksiyalarına görə borcun ödənilməsinə yönəldilə bilər.

Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin MDSS və İS haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, MDSS və IS haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.

Vergi orqanları artıq ödənilmiş vergilər, MDSS və İS haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin və ya sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün müddətində qaytarılmasını təmin etmək məqsədilə nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.

Faydalı keçid: http://www.e-qanun.az/framework/2658

Yeni nəsil kassa-aparatlarının tətbiqi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Qərarına uyğun olaraq, e-kassaların istifadəsi və istismarı ilə bağlı dörd mərhələdən ibarət olan keçid başlanılıb.

Həmçinin bildirmək istərdik ki, 1 avqust 2019-cu il tarixində yeni “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq olunmuşdur.

E-kassa vasitəsi ilə keçirilən əməliyyatlar barədə məlumatlar, onların emalı, saxlanılması və real vaxt rejimində Vergilər Nazirliyinin informasiya sistemləri bazasına ötürülməsi təmin ediləcəkdir.

E-kassaya keçidin məlumatların real vaxt rejimində ötürülməsi, yeni çek formalarının tətbiqi və təhlil imkanları kimi üstünlükləri olacaqdır. Bundan əlavə, yeni çek formasının üzərində QR kod (unikal identifikator) qeyd ediləcəkdir. QR kod istehlakçılara qanunvericilikdə müəyyən edilmiş ƏDV məbləğinin qaytarılması imkanını da yaradacaqdır.

Yeni nəsil nəzarət kassa-aparatını əldə etmək üçün vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müraciət edib şəxsiyyətini təsdiq edən sənədi, VÖEN-i və ticarət obyektinin kodunu təqdim etməlidir.

Daha ətraflı məlumat üçün https://e-kassa.gov.az saytından istifadə edə bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 18 iyun 2019

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələrin tətbiqi

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyətə dair dəyişikliklər (“Dəyişikliklər”) edilmişdir.  Dəyişiklliklərə görə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıda sadalanan cərimələrin tətbiq edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dəyişikliklər Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 may 2019-cu il tarixində imzalanmış və 14 iyun 2019-cu il tarixində dərc edilərək qüvvəyə minmişdir.

1.  Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

2.  “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

3.  Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.”

Əlavə olaraq Dəyişikliklərə görə, yuxarıda 3-cü bənddə göstərilən mühasibat uçotu subyektlərin baş mühasibləri Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 oktyabr 2018-ci il tarixli 464 nömrəli qərarı ilə təsdiq edilmiş aşağıdakı müddətlər və ardıcıllığa uyğun olaraq peşəkar mühasib sertifikatını əldə etməli və müvafiq olaraq peşəkar mühasib statusuna sahib olmalıdırlar.

•    İllik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2021-ci il 30 dekabradək;

•    İri sahibkarlıq subyektlərinin baş mühasibləri - 2022-ci il 30 dekabradək;

•    Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;

•    Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2022-ci il 30 dekabradək;

•    Büdcə təşkilatları üzrə:

o   mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2021-ci il 30 dekabradək;

o   yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022-ci il 30 dekabradək.

Yuxarıda qeyd olunan dəyişikliklərdən də aydın olduğu kimi, müvafiq cərimələr ilə üzləşməmək üçün mühasibat uçotunun aparılması, müvafiq uçotun aparılması üçün lazımı təşkilatı bölmənin yaradılması və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin təşkil edilməsi və müvafiq qanunvericiliyə görə lazım gəldiyi təqdirdə peşəkar mühasiblərin cəlb edilməsi məsələləri qurumlar tərəfindən daim diqqətdə saxlanılmalıdır.

Azərbaycan Vergi Xəbərləri, 3 iyun 2019

Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları  

Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli, 237 saylı qərarı ilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilmişdir. Qaydalara əsasən, Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

•     “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmaq;

•     peşəkar mühasib təşkilatının üzvü olmaq.

 

Peşəkar mühasib sertifikatı imtahanı

Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir.

İmtahan iki mərhələdən ibarət olub, birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir. 

Sözügedən imtahanda iştirak etmək üçün namizədin iqtisadi sahədə orta ixtisas təhsili və bununla yanaşı mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olması və yaxud ali təhsilli olması vacibdir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizədlər aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

•     İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA – Association of Chartered Certified Accountants) FR “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

•     İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA -Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

•     Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatının sertifikatına;

•     İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

•     Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in İFRS”.

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.

 

Peşəkar mühasib sertifikatının növləri

Müvafiq sertifikatlaşma imtahanından müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı sertifikatlar verilir:

•     Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;

•     Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;

•     İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı;

•     İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı.

Təsdiq edilmiş qaydalarda, peşəkar mühasib sertifikatının yuxarıda qeyd edilmiş növlərini əldə etmiş şəxslərin hər sertifikata uyğun olaraq hansı təşkilatlarda baş mühasib vəzifəsini tuta biləcəyi öz əksini tapmışdır.

 

Sertifikatın qüvvədə olma müddəti və qiyməti

Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir.  Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır. Peşəkar mühasib sertifikatı alaraq, fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur. 

İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. İmtahanın hər bir mərhələsi üçün ödəniş məbləği 50 manat müəyyən edilir. İmtahanın birinci mərhələsindən azad edilən namizədlər imtahanın yalnız ikinci mərhələsi üçün ödəniş edir.

 

Peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı

Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 oktyabr 2018-ci il tarixli 464 nömrəli qərarı ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı” aşağıdakı kimi müəyyən edilmişdir.

•     İllik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2021-ci il 30 dekabradək;

•     İri sahibkarlıq subyektlərinin baş mühasibləri - 2022-ci il 30 dekabradək;

•     Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;

•     Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2022-ci il 30 dekabradək;

•     Büdcə təşkilatları üzrə:

mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2021-ci il 30 dekabradək;

yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022-ci il 30 dekabradək

Azərbaycan Vergi Xəbərləri, 19 fevral 2019

Neft-qaz və qeyri-dövlət sektorunun meyarları

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 56 nömrəli qərarı ilə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları təsdiq edilmişdir. 

Meyarlar ilə əlavə edilmiş qərarda tanış ola bilərsiniz.

Azərbaycan Vergi Xəbərləri, 11 yanvar 2019

Azərbaycan Respublikasına idxal edilən energetik içkilər, elektron siqaret üçün maye və tütün məhsullarının idxalı üzrə aksiz dərəcələri və idxal rüsumları müəyyən edildi!

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2018-ci il 30 noyabr tarixli Qanunda yer alan yenilikliklərdən  biri də aksiz vergisi tətbiq olunan malların siyahısına energetik içkilərin və elektron siqaretlər üçün mayenin əlavə olunmasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2019-cu il tarixli qərarı 5 saylı qərarı ilə İdxal olunan bu cür məhsullara münasibətdə aşağıdakı dərəcələrlə aksiz vergisi müəyyən edilmişdir:

Məhsulun adı

Aksiz dərəcəsi

alkoqolsuz energetik içkilər

1 litr üçün 3,0 manat

alkoqollu energetik içkilər

1 litr üçün 2,0 manat

elektron siqaretlər üçün maye

 

1 litr üçün 20,0 manat

tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar, o cümlədən tərkibində tütün əvəzləyicisi olan siqarlar

1 ədəd üçün 1,0 manat

tərkibində tütün olan siqarillalar

1000 ədəd üçün 20,0 manat

tərkibində tütün olan siqaretlər

1000 ədəd üçün 28,0 manat

tərkibində tütün əvəzləyicisi olan siqarillalar

1000 ədəd üçün 28,0 manat

 

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2019-cu il tarixli qərarı 4 saylı qərarına əsasən yuxarıda sadalanan məhsullar üzrə gömrük idxal rüsumları da müəyyən edilmişdir. Qərara əsasən alkoqolsuz və alkoqollu energetik içkilərin hər litri üçün müvafiq olaraq 0.3 və 2.0 ABŞ dolları, elektron siqaretlər üçün mayenin 1 kq-ı üzrə isə 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcəkdir.

Diqqətinizə çatdırırıq ki, energetik içkilərin tərifi və xarakteristikası Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin Kollegiyasının 1 sentyabr 2015-ci il tarixli 150111500005 saylı qərarında öz əksini tapmışdır.

Qeyd edək ki, hər iki Qərar 2019-cu il fevral ayının 11-dən etibarən qüvvəyə minəcəkdir.

Qərarlarla daha ətraflı tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

1.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

2.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

3.  Dövlət standartlarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin Kollegiyasının 1 sentyabr 2015-ci il tarixli 150111500005 saylı qərarı

Azərbaycan Vergi Xəbərləri, 25 dekabr 2018

Sahibkarlıq subyektlərinin müəyyən edilməsi üzrə meyarlar

Məlum olduğu kimi Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununa edilmiş son dəyişikliklərə əsasən sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.  Adı çəkilən qanuna əsasən, sahibkarlıq subyektlərinin bölgüsü meyarları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.  Qeyd edək ki, konkret sahibkarlıq subyektinin hansı kateqoriyaya aid edilməsi onlar tərəfindən mühasibat uçotunun hansı qaydada aparılması, vergi güzəştlərinin əldə edilməsi və s. hallarda əhəmiyyət kəsb edir.

Qanunun tətbiqini təmin etmək məqsədilə 21 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında 556 saylı qərar qəbul edilmişdir.  Qərara əsasən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün meyarları aşağıdakı kimi müəyyən olunmuşdur:

Sahibkarlıq subyektlərinin ölçülərinə görə

İşçilərin orta siyahı sayı (nəfər)

İllik gəliri (min manat)

Mikro sahibkarlar

1-10

≤ 200

 

Kiçik sahibkarlar

11-50

200 < illik gəlir ≤ 3,000

 

Orta sahibkarlar

51-250

3,000 < illik gəlir ≤ 30 000

 

İri sahibkarlar

251-dən yuxarı

30,000 < illik gəlir

 

Konkret sahibkarlıq subyektinin hansı kateqoriyaya aid edilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

·       İllik gəlir müəyyən edilərkən həm sahibkarlıq fəaliyyətindən gəlir, həm də satışdankənar gəlirlər nəzərə alınır.

·       İşçilərin orta siyahı sayı və ya illik gəlir meyar göstəricilərindən daha yüksək olanı nəzərə alınır.

·       Yeni yaradılan sahibkarlıq subyektlərinin konkret kateqoriyaya aid edilməsi üçün onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 il müddətində işçilərin say göstəricisi əsas götürülür.

Mühasibat uçotu sahəsində mövcud tələblər, habelə ayrı-ayrı sahibkarlıq subyektlərinə münasibətdə 2019-cu ildən tətbiq edilməsi gözlənilən yeniliklərlə bağlı həmçinin aşağıdakı bülletenlərimizlə tanış olmağı tövsiyə edirik:

1.    Vergi Məcəlləsinə Dəyişikliklər

2.    Mühasibat uçotu və hesabatlılıq barədə yeni tələblər

 

Azərbaycan Vergi Xəbərləri, 24 dekabr 2018

Sosial Sığorta haqqında qanuna dəyişikliklər

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il 30 noyabr tarixli Qanun (bundan sonra “Qanun”) 21 dekabr 2018-ci il tarixdə dərc edilmişdir. Qanun 1 yanvar 2019-cu ildən qüvvəyə minəcəkdir.

Qanunda nəzərdə tutulan yeniliklər bir qədər öncə haqqında məlumat verdiyimiz vergi qanunvericiliyinə edilən əhəmiyyətli əlavə və dəyişikliklərlə uyğunluq təşkil edir.  Hər iki blok qanunvericilik aktlarına edilmiş əlavə və dəyişikliklərə nəzər saldıqda vergi və digər icbari ödənişlərin toplanmasına nəzarətin gücləndirilməsi, vergi orqanlarına bununla əlaqədar olaraq əlavə səlahiyyətlərin verilməsi, ümumilikdə kölgə iqtisadiyyatı ilə mübarizə aparılmasının gücləndirilməsi tendensiyaları müşahidə olunur.

Bu buraxılışımızda, Qanunda  təsbit edilən əsas əlavə və dəyişikliklər ümumiləşdirilərək diqqətinizə çatdırırq.

 

 

Azərbaycan Vergi Xəbərləri, 7 noyabr 2018

Peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətləri müəyyən edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il tarixli 464 nömrəli qərarına əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı aşağıdakı kimi müəyyən edilib:

1. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2021-ci il 30 dekabradək;

2. iri sahibkarlıq subyektlərinin baş mühasibləri - 2022-ci il 30 dekabradək;

3. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;

4. qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2022-ci il 30 dekabradək;

5. büdcə təşkilatları üzrə:

5.1. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2021-ci il 30 dekabradək;

5.2. yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022-ci il 30 dekabradək.

 

Azərbaycan Vergi Xəbərləri, 1 oktyabr 2018

2018–2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində keçiriləcək tədbirlər

Prezident İlham Əliyev "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"-nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Görüləcək tədbirlər arasında sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması qeyd edilir.

Proqram çərçivəsində təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması ilə yanaşı müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planının tərtib edilməsi nəzərdə tutulur. Keçid prosesi başa çatdıqdan sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu yanaşma nəticəsində sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçid prosesi irəliləyəcəkdir. 

Bundan əlavə, proqramda bütün vergi ödəyiciləri üçün “Vahid Mühasibatlıq Sistemi”-nin tətbiq ediləcəyi qeyd olunur. Bu məqsədlə, elektron mühasibatlığın istifadə imkanlarının genişləndirilməsinin  təşviq edilməsinə xüsusi önəm veriləcək və kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır.

Prioritet məsələlər arasında sosial müdafiə sisteminin gücləndirilməsi üçün qeyri-formal məşğulluğun azaldılması istiqamətində də bir sıra önəmli tədbirlərin görülməsi nəzərdə tutulur. Bu istiqamət üzrə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə həvəsləndirilməsi üçün Dövlət Proqramı çərçivəsində aparılacaq tədbirlər arasında ölkədə tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi üzrə müvafiq işlər görüləcəkdir.

Həmçinin proqramda qeyd olunur ki, qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda əmək müqaviləsi qeydiyyata alınmamış işçi sayının azaldılması üçün “minimum əmək” standartlarının yaradılması nəzərdən keçiriləcəkdir. Bu standartlarda konkret işlər üçün mövcud bazar şərtlərinə görə minimal əməkhaqqı, işin keyfiyyəti, istifadə edilən texnologiyalar müvafiq dövlət institutlarının rəyi nəzərə alınmaqla müəyyən ediləcəkdir.

Azərbaycan Vergi Xəbərləri, 5 iyul 2018

Vergilər Nazirliyində struktur dəyişikliyi

Vergilər Nazirliyinin mövcud strukturunda 2 iyul tarixindən qüvvəyə minən mühüm dəyişikliklər aparılmışdır.  Yeni yaradılmış bir sıra department və idarələr arasında mümkün korrupsiya elementlərinin qarşısının alınması və sahibkarlıq subyektlərindən daxil olan inzibati şikayətlərin həll edilməsi məqsədilə İnzibati şikayətlərin araşdırılması idarəsi təsis edilmişdir.

Bununla yanaşı, vergi yoxlamalarının səmərəlilik və keyfiyyət göstəricilərinin artırılması üçün Vergi auditi departamenti yaradılmışdır.

Yeni yaradılmış struktur bölmələrinin tam siyahısı ilə aşağıda təqdim edilmiş link vasitəsilə tanış ola bilərsiniz.

http://www.taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=1665&lang  

Azərbaycan Vergi Xəbərləri, 6 iyun 2018

“Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər 

Azərbaycan Respublikasının Prezidenti 4 may 2018-ci il tarixində “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb (“Qanun”). 

Dəyişikliklərə əsasən bütün mühasibat uçotu subyektləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və qanunla müəyyən edilmiş uçot qaydalarına uyğun olaraq maliyyə hesabatlarını tərtib etməli və mühasibat uçotunu aparmalıdırlar. 

Bundan əlavə olaraq, Qanuna əsasən  MHBS tərcümə edilib dərc olunduqdan sonra Milli Mühasibat Uçotu Standartları ləğv olunacaqdır.  

03 fevral 2016-cı il tarixindən etibarən “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları”nın qüvvədən düşməsi ilə əlaqədar olaraq kiçik və orta sahibkarlıq (KOS) subyektləri Qanuna əsasən öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını KOS Subyektləri üçün MHBS-a və ya MHBS-a uyğun tərtib etmək hüququna malikdirlər.

Qanuna həmçinin bir neçə vacib yeni anlayışlar daxil edilmişdir.  Belə ki, imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxslər Peşəkar mühasib adı qazanaraq fəaliyyət göstərə bilər.  

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

Qanunun 4.3.7 və 4.3.8 maddələrinə uyğun olaraq Maliyyə Nazirliyi qeyri-kommersiya qurumu olan peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirir və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrini aparır.  Sertifikatlar yuxarıda qeyd edilən qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdikdə beş il müddətində qüvvədə qalır. Sertifikatın etibarlılıq müddəti sona çatdıqda peşəkar mühasib yenidən imtahan verməlidir.  İki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir.

Bundan əlavə, Qanuna əsasən müəssisələr öz uçot siyasətini hazırlamalıdırlar.  Verilən anlayışa görə uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır.

Mühasibat uçotu subyekti (kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxsləri istisna olmaqla) tərəfindən Qanunda müəyyən edilmiş tələblərə uyğun olaraq mühasibat uçotunun aparılmasına dövlət nəzarəti həmin subyektlərdə Vergilər Nazirliyi tərəfindən dövlət maliyyə nəzarəti tədbirləri və vergi yoxlamaları aparılarkən həyata keçirilir.

Maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısını (Qanunun 12.2-ci maddəsində göstərilənlər istisna olmaqla) Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Maliyyə Nazirliyinə təqdim edir.

Qanunda qeyd olunduğu kimi, kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir. 

Azərbaycan Vergi Xəbərləri, 13 iyul 2017

Topdansatış ticarət və istehsal fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları

Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası (birlikdə “Qaydalar”) təsdiq edilmişdir. Qaydalar 15 İyul 2017-ci il tarixindən qüvvəyə minir.

Qaydalara əsasən topdansatış ticarət və istehsal fəaliyyəti sahələrində fəaliyyət göstərən vergi ödəyicilərinin üzərinə aşağıdakı öhdəliklər qoyulur:

• Gəlirlərin və xərclərin vaxtlı-vaxtında dəqiq uçotunu aparmaq

• Gəlirlərin, xərclərin və vergitutma obyektlərin və əmtəə-material ehtiyatların uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirmək

• Vergi Məcəlləsinə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etmək 

• Bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etmək

Həmçinin, Qaydalarda topdansatış ticarət və istehsal sahəsinə aid aşağıda qeyd edilən məsələlər öz əksini tapmışdır:

• İstehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməsi qaydaları

• Vergi uçotunda olmayan şəxslərdən alınmış malların sənədləşdirilməsi qaydaları

• İstehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının sənədləşdirilməsi qaydaları

• Hazır məhsulun anbara mədaxilinin və satışının /təqdim edilməsinin sənədləşdirilməsi qaydaları

• Vergi ödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi qaydaları

• Anbarlarda mal qalığının müəyyən edilməsi qaydaları

 

İkiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərin yeni inzibatçılıq qaydaları təsdiq edilmişdir

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli Qərarı ilə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı haqqında qaydalara (“İnzibatçılıq qaydaları”) dəyişikliklər təsdiq edilmişdir.  

İnzibaçılıq qaydalarına edilmiş dəyişikliklərə əsasən, qeyri-rezidentlər artıq bütün növ gəlirlər üzrə DTA formalarını elektron qaydada və ya kağız daşıyıcısında doldurulmuş formada vergi orqanına birbaşa və ya vergi agenti vasitəsilə müraciət edə bilərlər. Qeyd edilən dəyişikliklərdən öncə vergidən azad edilmə və ya aşağı dərəcə ilə vergiyə cəlb edilmə ilə bağlı müraciət yalnız 4 gəlir növü (faiz, dividend, royalti və beynəlxalq daşıma) üzrə yalnız kağız daşıyıcı qaydasında edilməklə mümkün idi. Təqdim edilmiş dəyişikliklər vergidən azadolma və ikiqat vergitutmanın aradan qaldırılması haqqında bağlanılmış beynəlxalq müqavilələrin imtiyazlarından istifadə üçün əlverişli bir tətbiq prosesi təmin edir.  

İnzibatçılıq qaydalarına əsasən, daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 20 iş günü ərzində baxılır. Daxil olmuş müraciətin araşdırılması üçün əlavə vaxt tələb olunduğu halda, səbəbi əsaslandırılmaqla, müraciətə baxılma müddəti 20 iş günündən artıq olmayan müddətə uzadıla bilər.

DTA formalarının doldurulması və İnzibatçılıq qaydaları haqqında məlumat aşağıdakı link vasitəsilə əldə edilə bilər:

http://www.taxes.gov.az/modul.php?name=beynelxalq&cat=12

 

Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci il tarixli Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir. 

Siyahıya 40 adda ölkə və ərazi daxil edilmişdir. 

Qeyd edək ki, güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi məqsədilə müəyyən edilmişdir. 

Bu siyahı aşağıdakı məqsədlər üçün istifadə olunacaq: 

a) Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində qeyd olunan əlavə 10% ödəmə mənbəyində tutulan verginin tətbiqi; 

b) Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən transfer qiyməti məqsədləri üçün idarə olunan 

əməliyyatların müəyyən edilməsi; 

c) Vergi Məcəlləsinin 128-ci maddəsinə əsasən rezidentin güzəştli vergi tutulan ölkələrdən əldə etdiyi gəlirinin vergiyə cəlb olunması.

Güzəştli vergi tutulan yurisdiksiyaların tam siyahısı aşağıda tanış ola bilərsiniz:

1. Andorra

2. Anqila

3. Antiqua və Barbuda

4. Aruba

5. Antil Adaları (Niderland)

6. Baham Adaları

7. Bəhreyn

8. Bermud Adaları

9. Britaniya Vircin Adaları

10. Beliz

11. Barbados

12. Cəbəllütariq

13. Cersi

14. Dominika

15. Honkonq (Çin)

16. Kayman Adaları

17. Kuk Adaları

18. Kosta-Rika

19. Qernsi

20. Qrenada

21. Liberiya

22. Lixtenşteyn

23. Maldiv Adaları

24. Men Adaları

25. Marşal Adaları

26. Montserrat

27. Monako

28. Makao (Çin)

29. Nauru

30. Niue

31. Panama

32. Palau

33. Seyşel Adaları

34. Sent Kits və Nevis

35. Samoa

36. Sent Vinsent və Qrenadin

37. Sent Lusiya

38. Törks və Kaykos Adaları

39. Vanuatu

40. Vircin Adaları (ABŞ)

 

Azərbaycan Vergi Xəbərləri, 18 may 2017 :

Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir

Azərbaycan Respublikasının Milli Məclisi 17 may 2017-ci il tarixində “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.  Qanun özündə bir neçə ciddi dəyişikliyi ehtiva edir.

“Publik hüquqi şəxs” anlayışı Vergi Məcəlləsinə əlavə edilmişdir
Son dəyişiklikliyə əsasən “publik hüquqi şəxs” anlayışı Vergi Məcəlləsinə əlavə edilmişdir.  Bundan əlavə publik hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ Vergi Məcəlləsinin müvafiq maddəsi ilə məhdudlaşdırılmışdır.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyaları

Yeni qanun “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra və xüsusi olaraq da məsuliyyətə cəlb olunan tərəflərlə bağlı məsələlərə aydınlıq gətirmişdir. Beləliklə nağdsız hesablaşmalara dair normativ tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin 40 faizə qədəri həcmində maliyyə sanksiyası tətbiq edilməsi planlaşdırılır:

• ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə - ödənişləri nağd qaydada həyata keçirən şəxsə;

• Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatların ödənişlərini həyata keçirən şəxsə;

• Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadə edən (xərcləyənə) şəxsə;

• Nağd qaydada pul vəsaitini qəbul edən lizinq/kredit verən şəxsə;

• Nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya;

• Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımları nağd qaydada qəbul edən şəxsə;

• Stasionar telefon xidmətlərinin və kommunal haqları nağd qaydada qəbul edən şəxsə;

• Faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları ödəyən və qəbul edən şəxslərə;

• Təhsil haqlarının və turagent haqlarını nağd qaydada qəbul edən şəxsə.

Aksiz vergisinə cəlb olunacaq yeni məhsullar

Xəz-dəri məmulatları da artıq aksiz vergisinə cəlb olunan mallar siyahısını daxil edilmişdir.

 

Azərbaycan Vergi Xəbərləri, 21 aprel 2017:

İctimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası (bir yerdə “Qaydalar”) təsdiq edilmişdir.

Qaydalara əsasən ictimai iaşə və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin üzərinə aşağıdakı öhdəliklər qoyulur:

•Vergi Məcəlləsi uyğun olaraq gəlirlərin və xərclərin vaxtlı və dəqiq uçotunu aparmaq;

•Vergi Məcəlləsinə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etmək;

•bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etmək.

Həmçinin, Qaydalarda ictimai iaşə və pərakəndə ticarət sahəsinə aid aşağıda qeyd edilən məsələlər öz əksini tapmışdır:

•Malların mədaxilinin sənədləşdirilməsi, həmçinin vergi uçotunda olmayan şəxslərdən alınmış malların sənədləşdirilməsi;

•Malların təqdim edilməsi və ya məhsul istehsalında istifadəsi əməliyyatlarının sənədləşdirilməsi;

•Gəlirlərin və xərclərin müəyyən edilməsi qaydaları;

•Anbarlarda mal qalığının müəyyən edilməsi qaydaları.

 

Azərbaycan Vergi Xəbərləri, mart 2017:

Transfer qiymətinə dair qaydalar təsdiq edildi

Vergilər Nazirliyi 27 yanvar 2017-ci il tarixində keçirilmiş kollegiyasında “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydalarını” təsdiq edib.  Qaydalar 8 fevral 2017-ci il tarixindən qüvvəyə minmişdir.

Transfer qiymətinin tətbiq edilməsinin əsas məqsədi vergi ödəyicisi tərəfindən nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların (işlərin, xidmətlərin) qiymətlərinin müqayisə edilən nəzarət olunmayan əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, həmin əməliyyatdan verginin vergi ödəyicisi və vergi orqanı tərəfindən transfer qiymətləri əsas götürülməklə yenidən hesablanmasıdır.

Did you find this useful?