Xəbərlər

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planı 

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq etmişdir. 

Tədbirlər Planı aşağıdaki üç istiqamət üzrə müvafiq tədbirləri nəzərdə tutur: 

  • İqtisadi artıma və sahibkarlığa dəstək 

Bu sahədə tədbirlər aşağıdakı istiqamətləri əhatə edəcək:

- İqtisadi qurumların fəaliyyətinin fövqəladə koordinasiyası;

 - İş yerlərinin və sosial sabitliyin qorunması;

- İqtisadiyyatda şəffaflığın artırılması;

- İqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi;

-İqtisadiyyata və sahibkarlığa dövlətin kredit

-zəmanət dəstəyinin verilməsi; 

- İqtisadiyyatın və sahibkarların güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi;

- Pandemiyanın mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi;

- Post-pandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi.

  • Məşğulluq və sosial rifaha dəstək

Bu sahədə tədbirlər aşağıdakı istiqamətləri əhatə edəcək:

- Dövlət sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi; 

- Qeyri-dövlət sektoru üzrə muzdlu işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi; 

- İşsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi; 

- Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi. 

  • Makroiqtisadi və maliyyə sabitliyi

Haqqında danışılan tədbirlər planının detalları ilə qoşmada təqdim olunan Sərəncamda tanış ola bilərsiniz. 

Hər hansı sualınız yaranarsa, çəkinmədən bizə müraciət edə bilərsiniz.

Tədbirlər planı

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi veb səhifəsində yerləşdirilmiş məlumata əsasən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı hazırlanıb.  

Yuxarıda adıçəkilən proqram aşağıdakıları əhatə edir:

• Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi;

• Müvafiq müddətə əmlak və torpaq vergilərindən azadolmalar;

• Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar;

• İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi;

• Bəzi vergi ödəyicilərinin müvafiq müddətə əlavə dəyər vergisindən azad edilməsi;

• Güzəşt veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi;

• 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması;

• Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması;

• Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının əlavə dəyər vergisindən azad edilməsi);

• Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların əlavə dəyər vergisindən azad edilməsi;

• Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması;

• Epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisinin sıfır (0) faiz dərəcəsi ilə tutulması.

Qeyd olunan məsələlər ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edildiyi təqdirdə daha ətraflı məlumatı böyük məmnuniyyətlə Sizə təqdim edəcəyik.

Hər hansısa bir sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

1 aprel 2020-ci il Vergi xəbərləri
Did you find this useful?