Xəbərlər

Vergi və hüquq xəbərləri

Sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək

Sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. 

Qərara əsasən, pandemiya ilə əlaqədar mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nəzərinizə çatdıraq ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.

Qeyd etmək lazımdır ki, maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. Bu o deməkdir ki, həmin vergi ödəyicilərinin yenidən qeydiyyatdan keçməsi tələb edilmir. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də avqust ayının 10-dək müraciət edə bilərlər.

Əlavə sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz.

Deloitte Azərbaycan Vergi və Hüquq komandası

Did you find this useful?