Legislative Tracking

Xəbərlər

Hüquq Xülasəsi

Hüquq xülasəsi Azərbaycan Respublikasının mətbuatında işıqlandırılmış ən mühüm qanunvericilik dəyişiklikləri, təklifləri və hadisələri əks etdirən günlük, aylıq və rüblük xəbərlərdir.

Əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddətinin müəyyən edilməsi şərtlərinə dəyişiklik edildi

Beləliklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 24 oktyabr 2023-cü il tarixli və 1017-VIQD saylı Qanununa əsasən, altı ayadək bağlanılan əmək müqavilələri üçün sınaq müddəti iki həftəyədək, digər əmək müqavilələrində isə, ən çox üç ay sınaq müddəti müəyyən edilə bilər.

Qeyd etmək vacibdir ki, dəyişiklikdən əvvəl sınaq müddəti əmək müqavilələrin müddətindən asılı olmayaraq üç ayadək müəyyən edilmişdir.

Daha ətraflı məlumat üçün keçid https://e-qanun.az/framework
 

İşəgötürənin əməyin mühafizəsinə dair yeni öhdəliyi müəyyən edilmişdir

23 iyun 2023-cü il tarixli Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun təsdiq edilmişdir (“Qanun”). Belə ki, Qanuna əsasən əmək şəraitindən asılı olmayaraq işəgötürən iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim olunmasını təmin etməlidir.

Qanunun təfsilatı ilə aşağıdakı linklərə keçid alaraq tanış ola bilərsiniz.
https://president.az/az/articles/view/60482
https://president.az/az/articles/view/60485

 

Mülki Məcəlləyə dəyişikliklər edilmişdir

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 822-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Qanun”) 24 fevral 2023-cü tarixində qəbul edilmişdir.

Dəyişikliklər elekton qaydada bağlanılan əqlərin tənzimlənməsi, borc muqaviləsi üzrə münasibətlərin tənzimlənməsi və borcalanların hüquqlarının qorunması üzrə mexanizmlərin təkmilləşdirilməsi kimi mövzuları əhatə edir.

Belə ki, Mülki Məcəllənin 331.1-ci maddəsinə əlavə edilmiş yeni bəndinə əsasən, əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir.

Qanunun əsas hissəsi Mülki Məcəllənin “Borc” adlanan 37-ci fəsilinə edilən dəyişikliklərdən bəhs edir. Yeni redaksiyaya görə sözügedən fəsil 3 paraqrafa bölünmüşdür: “Borc müqaviləsi”, “Kredit müqaviləsi” və “İstehlak krediti müqaviləsi”. Əlavə olaraq, hər növ müqavilə və ondan irəli gələn münasibətlər (anlayışlar, müqvilənin predmeti, məzmunu, bağlanma qaydası, icrası, xüsusiyyətləri, ləğvi və digər məsələlər) müvafiq paraqrafların ayrıca maddələrilə tənzimlənmişdir.

Mülki Məcəlləyə əlavə edilmiş 746-cı maddəsi istehlak kreditin anlayışını, 746-6-cı maddəsi isə əlaqəli kredit müqaviləsinin anlayışını və müvafiq şərtləri müəyyən edir. Belə ki, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə qaytarmağı öhdəsinə götürür. Əlaqəli kredit müqaviləsinə isə müəyyən malların alqı-satqısı və ya xidmətlərin göstərilməsi üzrə müqavilənin maliyyələşdirilməsi üçün bağlanılan və həmin müqavilə ilə iqtisadi əlaqəsi olan istehlak krediti müqaviləsi deyilir.

Dəyişikliklər01 oktyabr 2023-cü il tarixindən etibarən (dərc edildiyi tarixdən 6 ay sonra) qüvvəyə minəcək.

Qanunun təfsilatı ilə aşağıdakı linkə keçid alaraq tanış ola bilərsiniz.

https://e-qanun.az/framework/53824

 

Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı təsdiq edildi 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2023-cü il tarixli 64 nömrəli qərarı (“Qərar”) ilə yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı (“Siyahı”) təsdiq edildi.

Sözügedən tədbirlər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğunmaliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli Qanununu çərçivəsində tətbiq olunur. 

Qərara əsasən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ölkə və sahəvi risk qiymətləndirmələrinin nəticələrinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkələr barəsində maliyyə institutlarının məlumatlandırılmasını təmin etməlidir.

Siyahını Nazirlər Kabinetinin rəsmi saytından əldə etmək olar: https://nk.gov.az/az/document/6809/

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti uzadıldı

Beləliklə, 01 fevral 2023-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, sözügedən yoxlamalar 01 yanvar 2024-cü il tarixinədək dayandırılır. Bu qanun 2023-cü ilin yanvarın 1-dən hüquqi qüvvəyə mindi. 

 

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişikliklər edildi

23 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanuna əsasən,  Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə iş icazəsinin alınması tələb olunmur. Bundan əlavə, həmin şəxslər və onların ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin vəsatəti əsasında verilir.

 

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” yeni Qanun qəbul olundu

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu (“Yeni Qanun”) 1 fevral 2023-cü il tarixində qüvvəyə minmişdir və bununla da, Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu ləğv edilmişdir.

Yeni Qanuna əsasən, siyasi nüfuzlu şəxs anlayışına artıq yerli siyasi nüfuzlu şəxslər də əlavə edilir, onlara tətbiq olunan tədbirlərin əhatə dairəsi genişləndirilir və bu tədbirlər siyasi nüfuzlu şəxslərin yaxın münasibətdə olduğu şəxslərə də tətbiq olunur.

Onu da qeyd etmək lazımdır ki, Yeni Qanuna yeni anlayış və konsepsiyalar əlavə olunub, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, xarici hüquqi təsisat, virtual aktiv, virtual aktiv xidməti təminatçıları, maliyyə qrupu (holdinq), və s.

Eyni zamanda, öhdəlik daşıyan şəxslər tərəfindən birdəfəlik əməliyyatlar zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiqi üçün limit 15,000 manatdan 20,000 manata qaldırılmışdır. Bundan əlavə, artıq öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərini, digər hallarla yanaşı, maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl də həyata keçirməlidirlər.

Yeni Qanunla öhdəlik daşıyan şəxslər üçün FATF (Financial Action Task Force) tərəfindən yüksək riskli zonalara dair çağırışlarda müəyyən edilmiş tədbirləri həyata keçirmək vəzifəsi müəyyən olunmuşdur. Müvafiq çağırışların mətni maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilir və birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.Yeni Qanunla öhdəlik daşıyan şəslər digər öhdəlik daşıyan şəxslərin apardıqları müştəri uyğunluğu tədbirlərinə (məlumat və sənədlərə) güvənə bilərlər. Lakin bu halda Qanunun tələblərinə əməl edilməsinə görə məsuliyyəti güvənən öhdəlik daşıyan şəxslər daşıyır.

Əlavə olaraq, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorları, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydasının, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələblərin maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilməsi gözlənilir.

 

“Hədəfli maliyyə sanksiyaları haqqında” yeni Qanun qüvvəyə mindi

“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”) 1 fevral 2023-cü il tarixində qüvvəyə minmişdir. 

Qanunla terrorçuluğun, onun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqi qaydaları tənzimlənir. 

Qanuna əsasən, hədəfli maliyyə sanksiyaları dedikdə (i) sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı yolla aktivlərdən faydalanmasının qarşısının alınmasına yönələn qadağalar və ya (ii) həmin fiziki şəxslərin və qurumların aktivlərinin dondurulması tədbirləri nəzərdə tutulur. 

 

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə bir sıra dəyişikliklər edildi

Beləliklə, gömrük rüsumlarından azad olunan halların siyahısına İqdisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısına Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı əlavə olundu. Belə azadolma 10 il müddətinə verilir. Bu dəyişiklik 2023-cü ilin yanvar ayın 1-dən qüvvədə olacaq.  

Artıq 01 yanvar 2023-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün rezidentlərin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il deyil – 10 il müddətinə gömrük rüsumlarından azad ediləcək. 

İndi bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. 

Gömrük orqanı tərəfindən göndərilən bəzi bildirişlərin və məlumatların alınması elektron qaydada da mümkün olacaq: 

  • Gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bildirişlər. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim olunacaq.
  • Alıcı və satıcının əlaqəli şəxslər olmasının mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etdiyi barədə bildirişlər;
  • Gömrük dəyəri və bu dəyərin müəyyən edilməsi üçün istifadə olunan üsul barədə məlumat.
  • Gömrük Məcəlləsinin gömrük borcunun ödənilməsindən və yaxud bu borca görə təminatın verilməsindən asılı olan buraxılışı haqqında maddəsinə aşağıdakı bəndlər əlavə olundu:
  • Bəyannaməçinin malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan 1 gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:

o   gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

o   gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə gömrük borcunun ödənilməsini təmin edən üsullardan istifadə etməklə təminat verilməli;

o   bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.

 

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli Fərmanı ilə İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası (“Qaydalar”) təsdiq edildi

Bu Qaydalar işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin (əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (gəlir) götürmək olan və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər) müvəkkil kredit təşkilatlarından (fond (Azərbaycan Biznesinin İnkişafı Fondu) tərəfindən müəyyən edilən və Fondla əməkdaşlıq müqaviləsi bağlayan kredit təşkilatı) manatla alacaqları kreditlərə zəmanətin, o cümlədən dövlət zəmanətinin verilməsinə və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılmasına dair tələbləri, müraciət qaydasını, zəmanət və faiz subsidiyası üzrə ödəniş şərtlərini müəyyən edir. Dövlət zəmanəti kreditlərə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilir. 

Zəmanətlər və faiz subsidiaları üzrə tələblərin bəziləri aşağıdakı kimidir:

  • bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5,000,000 manatdan çox olmamalı;
  • kreditin illik faiz dərəcəsi 15% çox olmamalı;
  • kreditin müddəti 7 ildən çox olmamalı;
  • illik faiz dərəcəsinin 10% bəndi həcmində və 36 aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 10 % aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir.

 

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni Qanun qəbul olundu

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”) 26 yanvar 2023-cü il tarixində qüvvəyə minmişdir və beləliklə, Azərbaycan Respublikasının 04 iyun 1999-cu il tarixli “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanunu ləğv edilmişdir.

Qanun “mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri”, “mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar”, “biznes inkubatoru” kimi bir sıra anlayışlara aydınlıq gətirməklə yanaşı mikro, kiçik və orta sahibkarlığın (“MKOS”) inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədlərini (MKOS-nın inkişafı üçün əlverişli şəraitin yaradılması; MKOS subyektlərinin rəqabət-qabiliyyətliliyinin artırılması, innovasiya fəallığının stimullaşdırılması və onların istehsal etdikləri malların daxili və xarici bazarlara çıxmasına kömək edilməsi və s.) müəyyənləşdirir.

27 dekabr 2022-ci il tarixində “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu (“Yeni Qanun”) qüvvəyə minmiş və bununla da “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir.  

Qeyd edək ki, əvvəlki qanun yalnız tikinti və infrastruktur obyektləri ilə əlaqədar “Tik-İdarə et-Təhvil ver” modeli üzrə investisiyaların cəlb olunmasına şamil olunurdu. Yeni Qanun isə dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair dövlət-özəl tərəfdaşlığını tənzimləyir.

Dövlət-özəl tərəfdaşlığı sahəsində yeni qanun qəbul olunmuşdur

27 dekabr 2022-ci il tarixində “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu (“Yeni Qanun”) qüvvəyə minmiş və bununla da “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir.  

Qeyd edək ki, əvvəlki qanun yalnız tikinti və infrastruktur obyektləri ilə əlaqədar “Tik-İdarə et-Təhvil ver” modeli üzrə investisiyaların cəlb olunmasına şamil olunurdu. Yeni Qanun isə dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair dövlət-özəl tərəfdaşlığını tənzimləyir.

Yeni Qanunun əsas xüsusiyyətləri 

  • Dövlət-özəl tərəfdaşlığı dövlət tərəfindən və ya müəyyən tələblərə uyğun olan fiziki və hüquqi şəxslərin (iddiaçıların) təşəbbüsü ilə hazırlanmış layihələr üzrə həyata keçirilir. Layihələrin maksimum müddəti 49 ildir.
  • Yeni Qanunla müəyyən olunan səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (“Nazirlik”) çıxış edir və digər vəzifələr və səlahiyyətlər ilə yanaşı, dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını hazırlayır və illik əsaslarla dərc etdirir. 
  • Özəl tərəfdaşlar müsabiqə və ya birbaşa danışıqlar əsasında seçilir.
  • Müsabiqə qalibi və ya birbaşa cəlb edilmiş özəl tərəfdaşla dövlət-özəl tərəfdaşlıq müqaviləsi bağlanılır. Lahiyə kreditor tərəfindən maliyyələşdirildiyi halda əlavə təminatın verilməsi məqsədilə müqavilə birbaşa kreditorla da bağlanıla bilər. 
  • Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları Nazirlik tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən edilir.
  • Dövlət-özəl tərəfdaşlığı layihəsinin icrasını təmin etmək məqsədilə iddiaçı (özəl tərəfdaş) layihə şirkəti yarada bilər. 
  • Nazirlik layihə şirkətində dövlət tərəfdaşının iştirakı (nizamnamə kapitalının 49% çox olmamaq şərtilə) barədə qərar qəbul edə bilər.

İstisnalar

  • Yeni Qanun neft-qaz sahəsində həyata keçirilən fəaliyyətə şamil edilmir.
  • Dövlət-özəl tərəfdaşlığı üzrə münasibətlərə “Dövlət satınalmaları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları şamil edilmir.
  • Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə və Ələt azad iqtisadi zonasında dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətlər müvafiq qanunların  tələblərinə uyğun olaraq tənzimlənir.

Dövlət dəstəyi və təminatlar

  • Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün özəl tərəfdaşlara mal, material, xammal, avadanlıq, istehsal edilən məhsullar, göstərilən xidmətlər, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat, subsidiyalar və kreditlər, kapital qoyuluşu, tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat, xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müvəqqəti olaraq müstəsna hüquqların verilməsi, eləcə də təşviq tədbirləri, vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar verilə bilər.
  • Dövlətin mülküyyətində olan torpaq sahəsi layihə müddətinə icarəyə, istifadəyə və ya pay şəkildə özəl tərəfdaşa verilə bilər. 
  • Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin bağlandığı tarixdən sonra Azərbaycan Respublikasının normativ hüquqi aktlarında edilən dəyişikliklər özəl tərəfdaşın həmin müqavilə üzrə xərclərinin artmasına və ya əldə edəcəyi gəlirin azalmasına səbəb olduqda, özəl tərəfdaşa kompensasiya ödənilir. 
  • Dövlət-özəl tərəfdaşlığı üzrə layihələrə “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil edilir.


İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər, zonalar və investisiyanın minimal məbləği dəyişildi

Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2022-ci il tarixli Fərmanına əsasən, 2023-cü il yanvarın 1-dən etibarən hüquqi şəxslərə və fərdi sahibkarlara sənaye məhəllələrində və aqroparklarda, turizm və rekreasiya zonalarında, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda eləcə də Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədi 3 il müddətinə verilir. 

Minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələr üzrə isə 3 milyon manat məbləğində müəyyən olunmuşdur. 

Qeyd olunan layihələr üzrə investisiya təşviqi sənədi payların (səhmlərin) 30%-i və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə verilmir.


Valyuta əməliyyatları barədə vahid informasiya sistemi yaradılmışdır

30 dekabr 2022-ci il tarixində dərc olunmuş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən  Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatların toplanıldığı vahid informasiya sistemini yaradır. 

Valyuta nəzarəti agentləri (yəni, müvəkkil banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil etməli və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə etməlidirlər.

Qeyd etmək vacibdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən valyuta nəzarəti agentləri tərəfindən apardıqları valyuta əməliyyatları barədə məlumatların həmin vahid informasiya sisteminə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 1,500 manatdan 2,000 manatadək məbləğdə, hüquqi şəxslər isə 10,000 manatdan 12,000 manatadək məbləğdə cərimə edilir.


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərlə bağlı Əmək Məcəlləsinə dəyişikliklər edildi

28 dekabr 2022-ci il tarixində dərc olunmuş  Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa (“Qanun”) əsasən Əmək Məcəlləsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis anlayışı verilmişdir və həmin mütəxəssislərin işin xüsusiyyətləri müəyyən olunmuşdur.

Beləliklə, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis dedikdə peşəsi, orta ixtisası və ali təhsili haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi  əsasında işləyən şəxs başa düşülür. Belə mütəxəssislərə əsas və əlavə məzuniyyətin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.  

Bu və qanunvericilikdə nəzərdə tutulmuş digər imtiyaz və güzəştlər yalnız aşağıdakı hallar mövcud olduğu təqdirdə sözügedən mütəxəssislərə şamil olunur:

• işəgötürən işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;

• əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə;

• mütəxəssislər işğaldan azad edilmiş ərazilərdə məskunlaşdıqda.

Qeyd etmək vacibdir ki, yuxarıdakı müddəalar xüsusi rütbəli şəxslərə şamil edilmir.

Qanun 1 yanvar 2023-cü il tarixindən 1 yanvar 2028-ci il tarixinədək qüvvədə olacaqdır.


Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişikliklər edildi

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il və 27 dekabr 2022-ci il tarixli Qanunları təsdiq edilib və 1 yanvar 2023-cü il tarixində qüvvəyə minib.

27 dekabr 2022-ci il tarixli Qanuna əsasən, iş icazəsinin tələb olunmadığı hallar siyahısına yeni bənd əlavə edilib. Belə ki, artıq texnologiyalar parkının rezidentlərdən (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərdən iş icazəsinin alınması tələb olunmur.  Sözügedən şəxslər iş icazəsi almadan müvəqqəti yaşamaq üçün icazəni əldə edə bilərlər.

9 dekabr 2022-ci il tarixli Qanuna əsasən, iş icazəsinin verilməsi zamanı tətbiq olunan əmək miqrasiyası kvotası Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə şamil olunmur. 

Bundan əlavə, işəgötürən bu əcnəbilərin iş icazəsinin müddətini hər dəfə 2 ildən çox olmamaq şərtilə uzada bilər. 

Sözügedən Qanun 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olacaqdır.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti uzadıldı

Azərbaycan Respublikasının Prezidenti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununa dəyişiklik edilməsi barədə Qanununu (“Qanun”) 9 fevral 2022-ci il tarixində təsdiq etmişdir. 

Belə ki, Qanuna əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il, yəni 1 yanvar 2023-cü il tarixinədək dayandırılmışdır.

Bununla belə, insanların sağlamlığına, ətraf mühitə və milli maraqlara təhlükə yarada biləcək və bu səbəbdən dövlət orqanlarının daimi nəzarət və monitorinqini tələb edən müəyyən sahələr bu müddət ərzində yoxlamalara cəlb oluna bilər. Həmin sahələrə daxildir:

  • vergilər;
  • maliyyə bazarları;
  • gömrük;
  • dərmanların keyfiyyəti və təhlükəsizliyi;
  • qida təhlükəsizliyi;
  • yanğın təhlükəsizliyi;
  • tikinti;
  • təhlükə potensiallı obyektlərin, dağ-mədən sahələrin və radiasiya maddələrinin təhlükəsiz istismarı.

Qanun 1 yanvar 2022-ci il tarixindən tətbiq edilir.

Qanunun təfsilatı ilə burada tanış ola bilərsiniz.

2022-ci ilin istehsalat təqvimi və iş vaxtının norması təsdiq edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı (“Qərar”) ilə 2022-ci ilin istehsalat təqvimi və iş vaxtı norması təsdiq edilib. 

İstehsalat təqvimini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytından əldə etmək olar: https://www.sosial.gov.az/istehsalat-t%C9%99qvimi-2022

2022-ci ildə aşağıdakı tarixlər qeyri-iş günləri kimi müəyyən olunub:

I. 1-2 yanvar – Yeni il bayramı;

II. 20 yanvar iş günü hesab edilməyən Ümumxalq hüzn günü;

III. 8 mart –Qadınlar günü;

IV. 20-24 mart - Novruz bayramı;

V. 9 may - Faşizm üzərində Qələbə günü;

VI. 2-3 may – Ramazan  bayramı;

VII. 28 may – Müstəqillik günü;

VIII. 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü;

IX. 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

X. 9-10 iyul – Qurban bayramı;

XI. 8 noyabr – Zəfər günü;

XII. 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;

XIII. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

Qərara əsasən, 2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü müəyyən edilmişdir. 2022-ci ildə 40 saatlıq iş həftəsi üzrə iş vaxtının illik norması həm beşgünlük, həm də altıgünlük iş həftəsində 1921 saat olaraq qəbul olunmuşdur.

Onu da qeyd etmək istərdik ki, Qərara əsasən, bayram günlərinin həftə sonları ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq aşağıdakı günlər istirahət günləri hesab olunur:

  • beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri;
  • altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri.

Ölkədə minimum əmək haqqının məbləği qaldırılmışdır 

Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 1 yanvar 2022-ci il tarixindən etibarən ölkə üzrə minimum əmək haqqı 300 manat məbləğində müəyyən edilmişdir.

“Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiqlənib

14 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 448 nömrəli Qərar ilə “Malların ixrac qeydi ilə satışı Qaydaları” (“Qaydalar”) təsdiq edilmişdir. 

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə əsasən malların ixrac qeydi ilə satışına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. 

Qaydalara əsasən ixrac qeydi ilə satışı həyata keçirən şəxs (istehsalçı) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) Qaydalar ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.  Belə ki, Qaydalar yalnız Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarını istehsal edən istehsalçılara və/və ya ən azı 1 (bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirmiş ixracatçılara şamil olunur.  

Bu tələblərə cavab verən istehsalçılar və ya ixracatçılar istisna olmaqla, digər istehsalçı və ya ixracatçılar Qaydalarda sadalanan malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlar siyahısına düşdükdə, bu Qaydaların təsir dairəsinə düşmür.  Misal üçün, malların ixrac qeydi ilə satışı hasilatın pay bölgüsü haqqında sazişlərin podratçılarına və əməliyyat şirkətlərinə, dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olan vergi ödəyicilərinə, səhmlərin və ya payların 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərə, sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda istehsal olunmuş malların ixracına və Qaydalarda sadalanmış digər şəxslərə və əməliyyatlara tətbiq olunmur.

İxrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi üçün istehsalçı ixracatçıya Qaydaların 1 nömrəli əlavəsində verilən  formada “Malların ixrac qeydi ilə satış qaiməsi”ni təqdim edir.  İxracatçı isə “İxrac qeydi ilə satılan malların ixrac edilməsinə dair məlumat forması”nı malların gömrük rəsmiləşdirilməsini həyata keçirdikdən sonra 1 (bir) iş günü müddətində istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim edir.

Qeyd edək ki, ixrac qeydi ilə alınan mallar qeyd olunmuş müddət və möhlət ərzində ixrac edilmədiyi təqdirdə, ixrac qeydi ilə edilən satış ölkədaxili satışı kimi hesab olunur. Bu halda büdcə qarşısında yaranan öhdəliklərin (büdcəyə ödənilməli olan vergi və gecikdirilən gün üçün hesablanmış faiz məbləğləri) yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə ixracatçı tərəfindən istehsalçıya əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) üzrə onun hesabına ödəniş həyata keçirilir. 

Qaydaların təfsilatı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://nk.gov.az/az/document/4911/

İş və istirahət günlərində dəyişiklik edildi

İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli 177 nömrəli “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Qərarı (“Qərar”) ilə 27 may 2020-ci il istirahət günü və 31 may 2020-ci iş günü müəyyən edilir. 

Eyni zamanda, Qərara əsasən, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi (altıgünlük iş həftəsində çalışanlar üçün isə həmçinin 23 və 30 may tarixləri) işçilərin əməkhaqları saxlanılmaqla qeyri-iş günü müəyyən edilir.  

Beləliklə, 2020-ci ilin may ayının 23-30 (həmin tarixlər daxil olmaqla) tarixləri qeyri iş günləri müəyyən edilmişdir. 

Qərarda qeyd olunur ki, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.  Bunu nəzərə alaraq hesab edirik ki, 27 may 2020-ci il tarixində işə cəlb edilmə istirahət günü görülən iş kimi qəbul edilməlidir.  Eyni zamanda, istehsalat zərurəti olduqda 29 may 2020-ci il tarixində (altıgünlük iş həftəsində çalışanlar üçün isə həmçinin 23 və 30 may tarixləri) işə cəlb edilmə isə normal iş günü kimi qəbul edilərək əlavə ödəniş və ya istirahət gününün verilməsinə əsas olmamalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərar qəbul etmişdir

31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar (“Qərar”) qəbul etmişdir.

Beləliklə, Qərarda: 

• Qərarda nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının işçilərinə işə cəlb edilən günlər üçün il ərzində əlavə istirahət günlərinin verilməsi,

• Dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması,

• Qərarda müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması üzrə işəgötürənlərə ciddi tövsiyələrin edilməsi,

• İmkan olduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələrin təmin edilməsi, və

• Xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqviminin və iş vaxtı normasının dəyişdirilməməsi nəzərdə tutulmuşdur.

Həmçinin, Qərara əsasən, “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı (“113 nömrəli Qərar”) ləğv edilmişdir.  

113 nömrəli Qərara əsasən Azərbaycan Respublikasında xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir. Beləliklə, 113 nömrəli Qərarın ləğv edilməsi nəticəsində qeyd olunan tarixlər iş günləri kimi nəzərə alınmalıdır və 2020-ci ilin mart ayı üçün istehsalat norması 127 saat kimi müəyyən edilməlidir.

 

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Qərar qəbul etmişdir

2 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Qərar (“Qərar”) qəbul etmişdir. Qərar 5 aprel 2020-ci il tarixindən 20 aprel 2020-ci il tarixinədək şəxslərin ölkədə hərəkəti üzrə yeni qaydalar və məhdudiyyətləri müəyyən edir.

İşəgötürənlərin nəzərinə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinə hərəkətə icazə yalnız “icaze.e-gov.az” portalında (“Portal”) həmin şəxslər barəsində məlumatlar qeyd olunduqdan sonra veriləcəkdir. 

Belə fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir:

• tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

• hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

• dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

• logistika xidmətləri;

• ictimai nəqliyyat və taksi xidmətləri;

• telekommunikasiya və rabitə xidmətləri;

• neft avadanlıqlarının və qurğularının istehsalı;

• neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;

• neft avadanlıqları və qurğularının istehsalı;

• qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

• gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 

• kimyəvi məhsulların istehsalı;

• neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

• bank xidmətləri, bank olmayan kredit təşkilatları tərəfindən təqdim edilən xidmətlər, sığorta şirkətlərinin xidmətləri;

• ərzaq məhsullarının satış məntəqələri;

• apteklər;

• tərcümə xidmətləri;

 • vəkillik fəaliyyəti; və s.

Portala məlumatlar 3 aprel 2020-ci il tarixindən səhər saat 10:00-dan etibarən daxil edilə bilər.

Fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə də  onlar barədə məlumat Portala daxil edildikdən sonra yol verilir.

Dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşların da hərəkətinə onlar barədə məlumat Portala daxil edildikdən sonra yol verilir.

Qərar xidməti vəsiqə və ya iş yerindən arayış əsasında hərəkət edə bilən şəxslərin siyahısını da müəyyən edir.

Fiziki Şəxslərin Nəzərinə

Digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 

• təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar (indeks nömrəsi– 1);

• ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar (indeks nömrəsi – 2; 

• yaxın qohumunun dəfnində iştirakla əlaqədar (indeks nömrəsi – 3). 

Belə ki, yuxarıda qeyd olunmuş hallardan biri əsasında yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə “8103” nömrəsinə şəxsiyyət vəsiqəsinin və ya müvəqqəti və ya daimi yaşama icazəsinin seriya və nömrəsini və müvafiq indeksi qeyd əks etdirən SMS göndərilməlidir.  Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

Əlavə olaraq,  həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda və  məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur.

 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti elektron müraciətlər zamanı təqdim olunan sənədlərin notariat qaydasında təsdiqlənməsi tələbini müvəqqəti dayandırdı

31 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə elektron qaydada sənədlərin təqdim edilməsində yeni güzəştlər edilmişdir.

Belə ki, 30 aprel 2020-ci il tarixədək iş icazələrinin, müvəqqəti və daimi yaşama icazələrinin alınması (müddətinin uzadılması) ilə bağlı Dövlət Miqrasiya Xidmətinə edilmiş elektron müraciətlər zamanı notariat və ya ona bərabər tutulan qaydada təsdiq edilməsi nəzərdə tutulmuş müvafiq sənədləri təqdim edə bilməyən şəxslərin müraciətləri belə təsdiq olmadan da qəbul ediləcəkdir.

Qeyd olunan sənədlər zəruri olduğu hallarda sonradan tələb oluna bilər.

İcbari tibbi sığorta haqlarının ödənişi 2021-ci ilin yanvar ayına kimi təxirə salındı

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 mart 2020-ci il tarixli Qanununa (“Qanun”) əsasən icbari tibbi sığortanın tətbiqinin tamamlanması 2021-ci ilə kimi uzadılır. Həmçinin, Qanuna əsasən, aşağıdakı qruplar üzrə icbari tibbi sığorta haqlarının ödənişi 2021-ci ilin yanvar ayının 1-nə kimi təxirə salınır:

- muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər;

- vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri);

- mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər;

- Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə;

- müştərək maliyyələşmə məbləği.

Yuxarıda nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanlar üzrə icbari tibbi sığorta haqqında müddəalar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qanuna görə əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 50 faiz güzəştin tətbiqi 2022-ci il yanvarın 1-dək davam edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında Qərar qəbul edilmişdir

19 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün sosial iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş (“Saziş”) bağlanmışdır.

Əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin açılması, gəlirlərin artırılması və vətəndaşların maddi rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.

Sazişə əsasən Tərəflərin öhdəlikləri sırasında aşağıdakılar müəyyən olunur:

  •  işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədilə əsassız olaraq müddətli müqavilələrin bağlanılmasına yol verməmək, belə hallara yol verən işəgötürənlərin cərimələnməsinə dair Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarının tələbləri nəzərə alınmaqla, qanunvericilikdə müvafiq tədbirlərin müəyyən edilməsi;
  •  müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin gücləndirilməsi;
  •  işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində birgə nəzarətin gücləndirilməsi;
  •  qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsinin təmin edilməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi;
  •  uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqsədilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi;
  •  müxtəlif kateqoriyalı məşğul şəxslərin məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunmasının genişləndirilməsi;
  •  bədən tərbiyəsi və idmanın inkişafına birgə nəzarətin gücləndirilməsi;
  •  “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  •  üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi;
  •  “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kvota üzrə müəyyən edilmiş iş yerlərinə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq qurumları və ya “DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmasının təmin edilməsi, habelə sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması sahəsində tədbirlərin görülməsi;
  •  kvota üzrə məşğulluq qurumları və ya “DOST” mərkəzləri tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri, kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi;
  •  “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamaq;
  •  idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün davamlı olaraq mədəni-kütləvi, sosial, turizm-ekskursiya və idman tədbirlərində onların iştirakını təmin etmək;
  •  idarə, müəssisə və təşkilatlar tərəfindən əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə Sazişin qüvvədə olduğu müddətdə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin də daxil olduğu komissiyalar yaradılmaqla, bu sahədə tənzimləməni həyata keçirmək; və s.

Sazişə daxil edilmiş müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

Azərbaycan Respublikası ərazisində qeyri-iş günləri uzadıldı

25 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına (“Qərar”) əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir. 

Qərar dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

Qərarda nəzərdə tutulan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi rəhbər tutulmalıdır, yəni, həmin günlər işləmiş işçilərə başqa istirahət günləri verilə bilər.

Əcnəbilərin olduğu yer üzrə qeydiyyat üçün müraciət edilməsi zərurəti aradan qaldırılmışdır

26 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən hazırda ölkədə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 16-24 mart tarixləri aralığında bitən və ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab ediləcək.

Əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılmışdır

24 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına əsasən hazırda ölkə ərazisində olan və ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılmışdlr. 24 mart 2020-ci il tarixindən başlayaraq 30 aprel 2020-ci il tarixinədək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkədə olmaları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15 manat, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30 manat, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcəkdir.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati və ya cinayət məsuliyyəti tətbiq olunacaq

17 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə inzibati məsuliyyət nəzərdə tutan maddələr əlavə olunmuşdur.  Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə:

- fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, 

- hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni:

- informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə -

- internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə -

fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Onu da qeyd etmək vacibdir ki, 17 mart 2020-ci il tarixli “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın siyahısına aşağıdakı məlumatlar əlavə edilmişdir:

- insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar.

17 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən isə Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda –

- iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –

- üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

"Tibbi Sığorta Haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi

24 dekabr 2019-cu il tarixində “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Qanun”) təsdiq edildi.  Qanunla bağlı ətraflı məlumatı əlavə edilmiş bülletendə əldə edə bilərsiniz.

2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramlarının tarixləri elan edildi

16 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramlarının qeyri-iş günləri olmaqla aşağıdakı qaydada müəyyən edilmişdir: 

i.  20-24 mart - Novruz bayramı;

ii. 24-25 may – Ramazan bayramı; və

iii.31 iyul-1 avqust – Qurban bayramı.

 

2020-ci ilin  iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 dekabr 2019-cu il tarixli qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. 

İstehsalat təqvimini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytından  əldə etmək olar (http://sosial.gov.az/istehsalat-tqvimi). 

2020-ci ildə aşağıdakı tarixlər iş günü hesab edilməyən bayram günləri kimi müəyyən olunub: 

i.   1-2 yanvar – Yeni il bayramı;

ii.  8 mart – Qadınlar günü;

iii. 20-24 mart - Novruz bayramı;

iv.  9 may - Faşizm üzərində Qələbə günü;

v.   24-25 may – Ramazan  bayramı;

vi.  28 may - Respublika günü;

vii. 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş  günü;

viii.26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

ix.  31 iyul və 1 avqust – Qurban bayramı;

x.   9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;

xi.  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

20 yanvar iş günü hesab edilməyən Ümumxalq hüzn günü kimi müəyyən olunub.

2020-ci il üçün yaşayış minimumu müəyyən edildi

16 dekabr 2019-cu il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra “Qanun”) müvafiq olaraq, Azərbaycanda 2020-ci il üçün yaşayış minimumu aşağıdakı qaydada müəyyən edilmişdir:

i.   ölkə üzrə 190 manat;

ii.   əmək qabiliyyətli əhali üçün 201 manat;

iii.  pensiyaçılar üçün 157 manat;

iv.  uşaqlar üçün 170 manat.

Qanun 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi müəyyən edildi

16 dekabr 2019-cu il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra “Qanun”) müvafiq olaraq, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdir.


Qanun 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

Dekabr ayında iş günlərinin yerləri dəyişdirilmişdir

İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 dekabr 2019-cu il tarixli 461 nömrəli “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” Qərarı ilə 28-29 dekabr 2019-cu il iş günləri, 2020-ci il yanvar ayının 3 və 6-sı istirahət günləri kimi müəyyən edilmişdir.

İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması təsdiq edilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 sentyabr 2019-cu il tarixli 413 nömrəli Qərarı ilə “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması” təsdiq edilmişdir.

Nümunəvi müqavilə forması “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun (“Qanun”) 11.3 və 11.4-cü maddələrinə əsasən hazırlanmışdır. Belə ki, İşəgötürənin təklifi əsasında müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi bağlayır.  Qanunun 11.6-cı maddəsinə əsasən işəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqı ödəyir.

Nümunəvi müqavilə formasında əlavə olaraq İşəgötürənlə təhsilalan arasında bağlanacaq müqavilənin müddəaları qeyd edilmişdir. Belə ki, nümunənin 1.5-ci maddəsində göstərildiyi kimi, təhsilalan ilə işəgötürən arasında təcrübə dövrü üçün sınaq müddəti müəyyən edilmədən müddətli əmək müqaviləsi bağlanılır.

Müqavilənin 1.3-cü maddəsinə əsasən təcrübənin sonunda təhsilalana müəssisədə təcrübə keçməsinə dair işəgötürən və peşə təhsili müəssisəsi tərəfindən imzalanmış xasiyyətnamə verilir.

Nümunəvi müqavilə formasında işəgötürənin təcrübə ilə bağlı aşağıdakı vəzifələri müəyyən olunmuşdur:

• təcrübəyə rəhbərlik etmək üçün mütəxəssis təyin etmək;

• təhsilalanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya-gigiyena norma və qaydaları, avadanlıqların istismar qaydaları, müəssisədaxili intizam qaydaları ilə təlimatlandırmaq;

• “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə və Qanunun 20.2-ci maddəsinə əsasən təcrübə keçən təhsilalanı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etmək; və s. öhdəliklər daxildir.

Onu da qeyd etmək istərdik ki, nümunəvi müqavilə formasına əsasən, işəgötürən təcrübə başa çatdıqdan sonra təhsilalanı işlə təmin etmək öhdəliyi daşımır.

 

Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması təsdiq edilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 16 sentyabr 411 nömrəli Qərarı əsasında “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” (“Qayda”) təsdiq edilmişdir.

Qayda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsisteminə (bundan sonra - MAS) yeni və ya boşalan iş yerləri barəsində məlumatın daxil edilməsi qaydasını və formasını müəyyən edir.

İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatı “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə MAS-da formalaşdırılmış “Vakansiya Bankı”na daxil edəcəklər. Qaydanın 1 nömrəli əlavəsində işlə bağlı məlumatın daxil edilməsi forması göstərilmişdir.

Bunun əsasında, MAS hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradacaq və, beləliklə, işəgötürən boş olan iş yerini ləğv etdiyi təqdirdə, ştat vahidlərinə dair cədvəldə nəzərə alınması məqsədilə Nazirliyə bu barədə 5 iş günü müddətində rəsmi məlumat verəcəklər.

Mediasiya Prosesinin Həyata Keçirilməsi Qaydaları təsdiq olunub

5 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (“Qanun”) əsasən “Mediasiya prosesinin həyata keçirilməsi” Qaydaları (“Qaydalar”) təsdiq olunub. 

Qanuna əsasən Mediasiya mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), o cümlədən ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. 2020-ci il iyul ayının 1-dən etibarən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaqdır. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır və tərəfin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi Qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Qaydalar mediasiya prosesinin tərəflərini və mediatorun anlayışını müəyyən edir. Belə ki, Qaydaya əsasən mediator - peşəkar əsasda müvafiq xidmət haqqı müqabilində mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, Qanunun tələblərinə cavab verən fiziki şəxsdir. 

Qaydalarda mediasiya prosesinin məqsədi və mərhələləri müəyyən olunmuşdur. Mediasiya üçün müraciət edən tərəf mediasiya təşkilatı və ya mediatora mübahisənin xarakteri barədə qısa məlumat, mübahisənin tərəflərinin və əgər vardırsa, mediasiyada onları təmsil edəcək vəkilin və ya nümayəndənin əlaqə məlumatlarını təqdim edəcəkdir. 

Mediasiya prosesi başlanıldıqdan sonra tərəflər baxılması və razılaşdırılması tələb olunan mübahisəli məsələlərin dairəsini müəyyən edirlər. Mediator isə öz növbəsində məsələlərlə bağlı hər bir tərəfə müdaxiləsiz olaraq öz mövqeyini tam şəkildə izah etməyə, həmçinin mübahisənin həlli yolları və arzuolunan nəticələr barədə fikirlərini ifadə etməyə imkan yaradır.

Onu da qeyd edək ki, mübahisənin həlli üçün tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər. Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir.

Qaydalarda mediasiya prosesinə xitam verilməsi şərtləri də qeyd olunmuşdur. Əgər mediasiya prosesi zamanı barışıq əldə olunmuşdursa, bu, prosesə xitam verilmə kimi qəbul olunur. 

 

Mediatorların Peşəkar Etik Davranış Qaydaları təsdiq olunub

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2019-cu ildə qəbul edilmiş “Mediatorların peşəkar etik davranış Qaydaları (“Qaydalar”) peşəkar əsasda mediasiya fəaliyyəti ilə məşğul olan şəxslərin etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətlərin müəyyən edilməsi məqsədini daşıyır.

Qaydalarda göstərilmiş prinsiplərə əsasən, mediatorlar insan və vətəndaşların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli, öz vəzifələrinin icrası zamanı müvafiq qanunvericiliyi rəhbər tutmalı və hər bir halda öz şərəf və ləyaqətini qorumalı, peşə fəaliyyətini həyata keçirərkən, mediasiya fəaliyyətinin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 

 

Mediatorların Hazırlığı və İxtisaslarının Artırılması ilə bağlı Təlim Qaydaları təsdiq olunub

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2019-cu il tarixində qəbul edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydaları”na (“Qaydalar”) əsasən mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması fəaliyyət göstərən mediasiya təlimi qurumları tərəfindən ödənişli əsaslarla həyata keçirilir. Belə ki, mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim son iki il müddətində ən azı on mediasiya işi aparmış, mediasiya üzrə müvafiq pedaqoji təcrübəsi olan və beynəlxalq mediasiya qurumlarının təlimindən keçməsi barədə sertifikata malik olan mediator tərəfindən həyata keçirilə bilər. Mediatorların tədris proqramları nəzəri hissə (mühazirələr), praktiki məşğələlər, treninqlər və səhnələşdirilmiş mediasiya oyunlarından ibarətdir.

Həmçinin, Qaydalarda mediator olmaq istəyən şəxslərin ilkin hazırlıq üzrə təlimdə iştirak etmək üçün mediasiya təlimi qurumuna təqdim etməli olduqları sənədlərin siyahısı müəyyən edilmişdir.

Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim başa çatdıqdan sonra beş iş günü müddətində müsahibə vasitəsilə mediatorun nəzəri bilikləri, praktiki vərdişləri isə mediasiya imitasiyası vasitəsilə yoxlanılaraq imtahan keçirilir. İmtahan təlim qurumunun rəhbəri tərəfindən formalaşdırılan üç nəfərdən ibarət olan komissiya tərəfindən keçirilir və qərar səsvermə yolu ilə komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

İmtahanı müvəffəqiyyətlə keçmiş şəxslərə forması Mediasiya Şurası tərəfindən təsdiq edilən sertifikat təqdim edilir.

 

Mediasiya Reyestrinin Aparılması Qaydaları təsdiq olunub

5 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Mediasiya reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Bu Qaydanın məqsədi mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının siyahısının müəyyən edilməsi və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir. Mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumları Mediasiya Şurasına üzvlüyə qəbul edildikdən beş iş günü müddətində Mediasiya Şurası tərəfindən reyestrə daxil edilir.

Qeyd olunan qərarda reyestrə daxil ediləcək mediator, mediasiya təşkilatları və mediasiya təlimi qurumları haqqında müvafiq məlumatlar qeyd edilmişdir.

 

İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları təsdiq olunub

4 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsinə dair Qərar qəbul edilmişdir. 

“İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sistemi (“İnformasiya Sistemi”) iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılmasını, iri dövlət şirkətlərinə dair maliyyə, kadr uçotu və daşınmaz əmlak üzrə məlumatların vahid bazada birləşdirilməsini, İnformasiya Sisteminin istifadəçiləri tərəfindən iri dövlət şirkətlərinə dair müvafiq məlumatların real vaxt rejimində əldə edilməsini təmin edəcəkdir. 

İnformasiya Sisteminin operator funksiyasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (“Komitə”) yerinə yetirəcəkdir və İnformasiya Sistemi üzrə xidmətlər Komitənin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsi, eləcə də “Elektron hökumət” portalı vasitəsilə göstəriləcəkdir.

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilmişdir

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli Fərmanı ilə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qanun”) dəyişiklik qüvvəyə minmişdir.

Qanuna əsasən borclunun ödəmə qabiliyyətsizliyinin məhkəmə və ya kreditorlar tərəfindən müəyyən edilməsi əsaslarına dəyişikliklər edilmişdir. Borclu aşağıdakı hallarda məhkəmə və ya kreditor tərəfindən ödəmə qabiliyyəti olmayan sayılacaqdır:

  •  həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etmədikdə;
  •  vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etmədikdə; və
  •  digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etmədikdə.

Qanuna digər əsas dəyişikliklər aşağıdakılardan ibarətdir:

  •  borclu tərəfindən sağlamlaşdırma planının tərtib olunması müddəti 2 ay müəyyən olunmuşdur;
  •  kreditorlarla barışıq sazişinin təsdiqinə dair, həmçinin kreditorların irəli sürdüyü borc tələblərinin və şikayətlərin rədd edilməsi ilə bağlı əmlak inzibatçısının qərarının ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə verilən ərizələrə məhkəmə tərəfindən baxılma müddəti 10 gün müəyyən edilmişdir.

Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildi

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununa (“Qanun”) dəyişiklik qüvvəyə minmişdir.

Qanuna dəyişikliyə əsasən, telekommunikasiya şəbəkəsinə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün operator və ya provayderin üzərinə texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə tədbirlər görmək öhdəliyi qoyulmuşdur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu (“Qanun”) qüvvəyə minmişdir.

Qanuna əsasən telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə inzibati xətanın törədilməsində istifadə olunan avadanlıqlar və vasitələr müsadirə edilmək şərtilə cərimələr də tətbiq ediləcəkdir.

Əlavə olaraq, telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə qarşısının alınması üçün telekommunikasiya operatoru və ya provayderi tərəfindən tədbirlərin görülməməsinə görə də cərimələr tətbiq ediləcəkdir.

Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Prezidentinin 16 aprel 2019-cu il tarixli Fərmanı ilə “Dövlət satınalmaların vahid internet portalı haqqında Əsasnamə” təsdiq edilmişdir.

Portal istifadəçilərə tender elanının dərc edilməsini, malgöndərən (podratçı) tərəfindən müvafiq sənədlərin göndərilməsini, tenderdə iştirak haqqının ödənilməsini, malgöndərənin (podratçının) iddiaçı kimi qeydiyyatdan keçməsini, elektron kabinetin yaradılmasını, satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsini və sənədlərin təqdim olunmasını, tender təkliflərinin təqdim olunmasını və təminatının verilməsini, tender komissiyasının virtual iclaslarının keçirilməsini, satınalma müqaviləsinin elektron qaydada bağlanmasını, həmin müqavilənin və tenderin nəticələrinə dair digər sənədlərin yerləşdirilməsini, şikayət verilməsini və həmin şikayətə baxılmanın nəticələri barədə qərarın əldə olunmasını, hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını və s. təmin edir.

Portalın idarə olunmasına, fəaliyyətinin təşkilinə və inkişafına Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (“Agentlik”) cavabdehdir. 

Elektron xidmətlər modulu vasitəsilə malgöndərənlər (podratçılar) iddiaçı kimi qeydiyyatdan keçə və satınalan tərəfə müvafiq sənədləri göndərə biləcək. Həmçinin, modul əsasında satınalma müqavilələrinin vahid reyestrinin aparılması mümkün olacaqdır. 

Bundan əlavə, Agentlik Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə portalın “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görəcəkdir.

Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında Fərman imzalanmışdır

Azərbaycan Respublikasının Prezidenti 6 may 2019-cu il tarixində Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında Fərman imzalamışdır. 

Fərmanın məzmununa əsasən, dövlətə məxsus olan hüquqi şəxslərdə, yəni paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxslərdə apellyasiya şuraları yaradılacaqdır. 

Onu da qeyd edək ki, hüquqi şəxslər dedikdə dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslər nəzərdə tutulmur.

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı təsdiqlənib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 5.5-ci bəndinə əsaslanaraq qida təhlükəsizliyi sahəsində təhlükəsizliyin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı təsdiqlənmişdir. 

Dövlət proqramının əsas məqsədləri aşağıdakı şəkildə müəyyən edilmişdir:

  •  qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması; 
  •  əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması; 
  •  qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması, onların rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması; 
  •  qida subyektlərinin fəaliyyətinin qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə uyğunluğunun sahibkarlarla əməkdaşlıq şəraitində təmin edilməsi; 
  •  qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ölkədə heyvan və bitki sağlamlığının təmin edilməsi. 

Dövlət Proqramının uğurla həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumun yaradacağı işçi qrupları tərəfindən prioritet istiqamətlər üzrə tədbirlər həyata keçirəcəklər. Tədbirlər planın əhatə dairəsinə aşağıdakı əsas mövzular daxil edilmişdir:

  •  qida təhlükəsizliyi sahəsində mövcud laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni laboratoriyaların yaradılması və maddi-texniki təchizatının təmin edilməsi;
  •  qida təhlükəsizliyi təlim mərkəzinin təsis edilməsi; 
  •  qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida subyektləri və obyektləri, habelə qida məhsullarının istehsalı və ticarət axınları üzrə məlumat bazasının yaradılması;
  •  ixrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı iş aparılması və idxalçı ölkələr tərəfindən tanınması istiqamətində tədbirlərin həyata keçirilməsi.

Mediasiya haqqında Qanun qəbul edilmişdir

“Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun (“Qanun”) tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti 3 aprel 2019-cu il tarixində Fərman imzalamışdır. Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir və mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Mediasiya dedikdə, mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan proses başa düşülür.

Mübahisənin mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” imzalanır. Mediasiya mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), o cümlədən ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. 2020-ci il iyulun 1-dən etibarən, iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaqdır. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır və tərəfin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Qanuna əsasən, Mediasiya Şurası (“Şura”) mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirəcəkdir. Bununla yanaşı, mediator olmaq istəyən şəxslərin ilkin hazırlığı və mediatorların ixtisasının artırılması mediasiya təlimi qurumunda həyata keçiriləcəkdir. 

Qanuna əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (bəzi istisnalar nəzərə alınmaqla) mediasiya vasitəsilə həll oluna bilər.

Qeyd olunanlarla yanaşı, Qanun “Məhkəmə mediasiyası” anlayışı da müəyyən edir. Belə ki, Qanuna əsasən, məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.

Məhkəmə-hüquq sistemində islahatlar haqqında Fərman qəbul edilmişdir

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanına (bundan sonra “Fərman”) əsasən məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında tədbirlər planı müəyyən edilmişdir.

Fərmanın başlıca məqsədi məhkəmə təcrübəsinin stabilləşdirilməsi, məhkəmə aparatı işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması, məhkəmə icraatının və məhkəməyə müraciət qaydalarının təkmilləşdirilməsi sahəsində islahatları genişləndirməkdir.

Fərman çərçivəsində vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə və sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulmuşdur. Burada məqsəd  sahibkarların məhkəməyə müraciət imkanlarını asanlaşdırmaq və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etməkdir. Bununla yanaşı, sahibkarlıq fəaliyyətilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsinə məqsədilə, ölkəmizdə beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair tədbirlər nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd olunanlarla yanaşı, Fərman aşağıdakı məsələlərə dair tədbirlərin həyata keçirilməsini və gücləndirilməsini müəyyən edir:

- hakimlərin müstəqilliyini təmin edilməsi və məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi;

- hakimlərin maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;

- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;

- ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;

- məhkəmə və digər orqanların qərarlarının icrasının alternativ mexanizmi kimi icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinin mümkünlüyünün araşdırılması;

- məhkəmə ekspertizası fəaliyyətinin özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin təhlil edilməsi; 

- məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi tədbirlərinin həyata keçirilməsi;

- “Elektron Məhkəmə” informasiya sistemində sürətli və effektiv axtarışın aparılması məqsədilə müvafiq texniki tədbirlərin görülməsi;

- dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması; və

- məhkəmə icraatının obyektivliyinin təmin edilməsi məqsədləri üçün məhkəmə icraatının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi

Ölkədə minimum əmək haqqının məbləği qaldırılmışdır

Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli Fərmanına əsasən 1 mart 2019-cu il tarixindən etibarən ölkə üzrə minimum əmək haqqının məbləği 180 manat müəyyən edilmişdir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunlara dəyişikliklər edildi

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunlarına 12 fevral 2019-cu il tarixində edilən dəyişikliklərə uyğun olaraq, maliyyə bazarında yoxlamaların aparılması səlahiyyətli dövlət orqanı tərəfindən keçirilə bilən yoxlamaların siyahısına əlavə edilmişdir.

Qeyd edilməlidir ki, həmin qanunlara 28 dekabr 2018-cu tarixində edilən dəyişikliklər çərçivəsində gömrük yoxlamaları da səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilə bilən yoxlamalar siyahısına əlavə edilmişdir.

 

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı təsdiqləndi

7 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” (bundan sonra “Tədbirlər Planı”) təsdiq edilmişdir. Qeyd olunan Tədbirlər Planı Azərbaycan Respublikasının kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinə uyğun olaraq hazırlanmışdır. 

Tədbirlər Planının əsas məqsədi kimi plastik qablaşdırma məhsullarından kütləvi istifadənin bitkilərə, heyvanlara, torpağa və su resurslarına münasibətdə çirklənmənin azaldılması müəyyən edilmişdir. Tədbirlər Planı bu sahədə iki strateji məqsəd müəyyən etmişdir. Birinci strateji məqsəd qismində plastik qablaşdırma tullantılarının səmərəli idarə edilməsi, ikinci strateji məqsəd qismində isə, plastik tullantıların yaranma tempinin azaldılması çıxış edir.

 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi

5 fevral 2019-cu il tarixində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna (bundan sonra “Qanun”) dəyişiklik edilmişdir. Yeni dəyişikliyə əsasən, “Məhdud Məsuliyyətli Cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması” adı altında 9-1-ci maddə əlavə edilmişdir. 

Belə ki, yeni maddəyə əsasən, məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən dəyişikliklər (yenidən təşkil nəticəsində dəyişikliklər istisna olmaqla), həmçinin qeydiyyata alınmış faktların  hər bir sonrakı dəyişikliyinin  elektron qaydada qeydiyyata alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə (bundan sonra “Vergilər Nazirliyi”) müraciət edilə bilər. Müraciət üçün tələb olunan elektron ərizə forması Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və dəyişikliyi təsdiq edən sənədin skan edilmiş sürəti  ərizəyə əlavə olunaraq gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

Qanuni təmsilçinin dəyişikliyi zamanı ərizə həm təsisçi, həm də qanuni təmsilçi tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən hazırlanan dəyişiklik layihəsi ilə təsisçi(lər) real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Dəyişikliklər Qanunun tələblərinə zidd olmadıqda, Vergilər Nazirliyi tərəfindən 3 gün müddətində qeydiyyata alınır və dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər elektron formada məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə və kağız daşıyıcılarında məhdud məsuliyyətli cəmiyyətin təsisçilərinə və ya digər səlahiyyətli şəxsə təqdim edilir.

Elektron qaydada qeydiyyat, təsisçi dəyişikliyi istisna olmaqla, təsisçisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin qeydiyyata alınmasına da şamil olunur.

Qanuna 28 dekabr 2018-ci il tarixində edilmiş dəyişikliyə görə elektron kabinet anlayışı qəbul edilmişdir. Elektron kabinet dedikdə, Qanunun məqsədləri üçün Vergilər Nazirliyinin  informasiya sistemində yaradılan, elektron imza sertifikatı və (və ya) Vergilər Nazirliyi tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən,  Vergilər Nazirliyi ilə qarşılıqlı məlumat və sənəd mübadiləsini təmin edən fərdi elektron səhifə başa düşülür.

Qanunda yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı ilə bağlı bəzi dəyişikliklər nəzərdə tutulmuşdur. Belə ki, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurulur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi(lər) və qanuni təmsilçi(lər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi(lər), həm də qanuni təmsilçi(lər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Qanunla, adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə əlavə edilən nizamnamənin təsisçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qalxmışdır.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət elektron qaydada dövlət qeydiyyatına alındıqdan sonra 2 iş günü müddətində qanuni təmsilçi(lər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş cəmiyyətin sahibkarlıq fəaliyyətinə başlaması barədə məlumatı Vergilər Nazirliyinə göndərməlidir.

Qeyd olunanlarla yanaşı, Qanuna müvafiq olaraq, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə Vergilər Nazirliyinin sorğusu mobil operatorlar tərəfindən real vaxt rejimində cavablandırılmalıdır.

 

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə yeni səlahiyyətlər verildi

Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2019-cu il tarixli fərmanı (bundan sonra “Fərman”) əsasında Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra “MMX”) bir sıra yeni səlahiyyətlər verilmişdir. Belə ki, Fərmana əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri siyahısından çıxarılmışdır.

Həmçinin, MMX, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınmaqla, banklardan nağd çıxarılan vəsaitlərin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunluq baxımından araşdırılmasını və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsini təmin edəcəkdir.

Əlavə olaraq, Fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişikliyə müvafiq olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsində (lombardlara və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən şəxslərə münasibətdə) öz əksini tapmış inzibati xətalar haqqında işlərə dair nəzarəti MMX adından İdarə Heyətinin sədri və onun müavinləri həyata keçirəcəkdir.

Minimum aylıq əməkhaqqı artırıldı

Azərbaycan Respublikasının Prezidenti “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 25 dekabr 2017-ci il tarixli 3545 nömrəli Sərəncamına dəyişiklik edilməsi barədə 08 fevral 2019-cu il tarixli sərəncam imzalayıb. 

Sərəncama əsasən ölkədə minimum aylıq əmək haqqı 50 manat məbləğində qaldırılaraq 180 manat müəyyən edilmişdir. Beləliklə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşı və özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan işçilərin minimum əmək haqqı bir ay müddətində yeni minimal əmək haqqı ilə uyğunlaşdırılmalıdır.

Sərəncam 2019-cu ilin mart ayının 1-dən etibarən tədbiq olunacaqdır.

2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramlarının tarixləri elan edildi

19 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti 2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini qeyri-iş. günləri olmaqla, aşağıdakı qaydada müəyyən etmişdir: 

i.Martın 20, 21, 22, 23, 24-ü - Novruz bayramı;

ii.İyunun 5, 6-sı – Ramazan bayramı; və

iii.Avqustun 12, 13-ü – Qurban bayramı.

 

2019-cu ilin  iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.  

Aşağıdakı tarixlər iş günü hesab edilməyən bayram günləri kimi müəyyən olunub: 

i.Yanvarın 1, 2-si – Yeni il bayramı;

ii.Martın 8-i – Qadınlar günü;

iii.Martın 20, 21, 22, 23, 24-ü - Novruz bayramı;

iv.Mayın 9-u - Faşizm üzərində Qələbə günü;

v.Mayın 28-i - Respublika günü;

vi.İyunun 5, 6-sı – Ramazan  bayramı;

vii.İyunun 15-i - Azərbaycan xalqının Milli Qurtuluş  günü;

viii.İyunun 26-sı - Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

ix.Avqustun 12, 13-ü – Qurban bayramı;

x.Noyabrın 9-u - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü,;

xi.Dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

20 Yanvar iş günü hesab edilməyən Ümumxalq hüzn günü kimi müəyyən olunub.

 

2019-cu il üçün yaşayış minimumu müəyyən edildi

21 dekabr 2018-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra “Qanun”) müvafiq olaraq, Azərbaycanda 2019-cu il üçün yaşayış minimumu aşağıdakı qaydada müəyyən edilmişdir:

i.ölkə üzrə 180 manat;

ii.əmək qabiliyyətli əhali üçün 191 manat;

iii.pensiyaçılar üçün 149 manat;

iv.uşaqlar üçün 160 manat.

Qanun 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minir.

 

“Yaşıl dəhliz” haqqında Yeni qaydalar təsdiq edildi

21 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası” Qaydalarını (bundan sonra “Yeni Qaydalar”) təsdiq etdi.

Yeni Qaydalar 1 fevral 2019-cu il tarixindən qüvvəyə minir.

Yeni Qaydalar “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”na (bundan sonra “Yaşıl Dəhliz Qaydaları”) müvafiq olaraq hazırlanmışdır.

“Yaşıl Dəhliz” – malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

Yaşıl Dəhliz Qaydalarına əsasən, “Yaşıl Dəhliz” buraxılış sistemi daxil olmaqla, buraxılış sistemlərindən istifadə olunması, gömrük nəzarətinin həyata keçirilməsi və gömrük yoxlamalarının aparılmasının zəruriliyinin müəyyən olunması məqsədi ilə idxalatçılar yüksək, orta və aşağı risk qruplarına bölünürlər.

Yalnız aşağı və ya bəzi hallarda orta risk qrupuna aid olan idxalatçılar “Yaşıl Dəhliz” buraxılış sistemindən faydalanmaq hüququna malikdirlər.

Yeni Qaydalara müvafiq olaraq, aşağı risk kateqoriyasına məxsus olan və aşağıdakı bütün tələblərə cavab verən idxalatçılara idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir:

i.idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son  bir il ərzində təcrübəsi olan;

ii.gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;

iii.daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;

iv.Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən; və

v.qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş idxalatçılar.

“Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş şəxslər özlərinin idxal-ixrac əməliyyatları ilə əlaqədar, aşağıdakılar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bir sıra üstünlüklərə malik olur:

i.gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi;

i.gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi;

ii.gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi;

iii.gömrük orqanları tərəfindən malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi;

iv.gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsini gömrük orqanları əməkdaşlarının tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparması;

v.idxal olunan malların idxalatçı tərəfindən müəyyən edilən anbarlara birbaşa aparılması və s.

Yeni Qaydalar “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edilməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası məsələlərini tənzimləyir.

 

İnzibati Xətalar Məcəlləsində yeni dəyişikliklər

10 dekabr 2018-ci il tarixində İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklər edilmişdir. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına  yönlənmiş yeni növ inzibati xətalar aşağıdakı qaydada müəyyən edilmişdir:

i.Tütün məmulatları tullantılarının ətraf mühitə tullanmasına görə - 50 (əlli) manat məbləğində cərimə edilir;

ii.Yetkinlik yaşına çatmayan şəxsləri tütün məmulatları almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə -  yüz manat məbləğində cərimə edilir;

iii.“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə - vəzifəli şəxslər 500 (beş yüz) manat məbləğində, hüquqi şəxslər 1,200 (min iki yüz) manat məbləğində cərimə edilir.

 

Aksiz markalarında yeni dəyişiklik

İnzibati Xətalar Məcəlləsinə 20 dekabr 2018 tarixində edilmiş dəyişiklikliyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satış, saxlanılması və ya istehsal binasından kənara çıxarılması, belə məhsulların nağd qaydada alınması üzrə məsuliyyət nəzərdə tutan maddə ləğv edilmişdir.

Dəyişiklik 1 yanvar 2019-cu il tarixindən etibarən qüvvəyə minir.

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-yə dəyişiklik

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-yə dəyişiklik

16 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

 

“Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması” barədə sərəncam

17 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti “Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması” barədə sərəncam imzalayıb.  Komissiyanın funksiyalarına aşağıdakılar daxildir:

  1. Ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;

  2. Əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin edilməsi;

  3. Qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanmasını və təsdiq edilməsini təmin edilməsi;

  4. Beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı təkliflərin təqdim edilməsi;

 

5. Əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi.

 

“Banklar haqqında” Qanunda dəyişikliklər

“Banklar haqqında” Qanunda 07 aprel 2017-ci il tarixli dəyişikliklər fond, körpü-bank, system əhəmiyyətli bank, investor, sağlam aktiv, rezolyusiya, ödəmə qabiliyyətini itirmiş bank kimi yeni anlayışları müəyyən edir.  Qanunda ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçının təyin edilməsi və həmin inzibatçının bankın idarə edilməsi ilə bağlı səlahiyyətləri təsbit olunur.  Dəyişikliklərə əsasən, müvəqqəti inzibatçının fəaliyyətinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.

Bundan əlavə, dəyişikliklərə əsasən, məhkəmə Fondu (“Əmanətlərin sığortalanması” haqqında qanuna əsasən yaradılmış hüquqi şəxs) məcburi ləğv olunan bankın ləğvedicisi qismində təyin edir.  Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər.

Qanuna dəyişikliklər aşağıdakılarla bağlı qaydaları müəyyən edir:

•         Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planı;

•         Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin alıcı banka köçürülməsi;

•         Ödəmə qabiliyyətini itirmiş bankın satılması və sağlam banka qoşulması;

•         Körpü bankın yaradılması və satışının həyata keçirilməsi;

•         Sistem əhəmiyyətli bankların ödəmə qabiliyyətinin bərpasında dövlətin iştirakı;

•         Bankın öhdəliklərinin könüllü restrukturizasiyası;

•         Bankın məcburi ləğvi;

•         Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğvedicinin fəaliyyəti üzərində  

          nəzarət.

 

 

Back to Legal

Did you find this useful?