Təfərrüatlar

Deloitte Vergi və Hüquq Xəbərləri

Artırılmış minimum əmək haqqı artıq tətbiq olunmalıdır

Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikasi Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 1 sentyabr 2019-cu il tarixindən etibarən 250 manat müəyyən edilmişdir. Beləliklə, həmin tələbə uyğun olaraq, işəgötürənlər tərəfindən əmək haqlarına müvafiq dəyişikliklər edilməlidir.

İcbari tibbi sığorta 2020-ci ilin yanvar ayının 1-dən tətbiq olunacaq

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (bundan sonra “Qanun”), 2020-ci ilin yanvar ayının 1-dən etibarən icbari tibbi sığorta tətbiq olunacaqdır. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edəcəkdir.

İcbari tibbi sığorta üzrə xidmətlər zərfi əsasında sığortaolunanlara tibbi xidmətlər göstəriləcək. “Xidmətlər zərfi” dedikdə, baza və əlavə hissələrdən ibarət olmaqla, icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusu başa düşülür.

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xidmətlər zərfinin baza hissəsinə münasibətdə sığortaolunan hesab edilirlər və baza hissəsinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərindən istifadə edə biləcəklər.

Xidmətlər zərfinin baza hissəsinə münasibətdə “sığortalı” qismində dövlət çıxış edir.

Qanun xidmətlər zərfinin baza hissəsindən fərqli olaraq, onun əlavə hissəsinə münasibətdə sığortaolunanların kateqoriyalarını müəyyənləşdirir. Belə ki, Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi, mülki-hüquqi müqavilə əsasında işləyən fiziki şəxslərə, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə münasibətdə “sığortalı” qismində həmin fiziki şəxslərin özləri çıxış edirlər.  Qeyd olunan kateqoriyalara düşən şəxslər təqvim ili üçün adambaşına 120 manat sığorta haqqını icbari tibbi sığorta müqaviləsi bağlandığı tarixdən 30 (otuz) gün müddətində tam məbləğdə və ya həmin müqavilənin bağlandığı tarixdən sığorta ilinin sonunadək olan ayların sayına bölünməklə bərabər hissələrlə hər ay üçün növbəti ayın 15-dən gec olmayaraq ödəməlidir.

Neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə münasibətdə isə sığortalı qismində işəgötürənlər çıxış edir. Belə şəxslərə münasibətdə sığorta haqları sığortalı tərəfindən hər ay üçün hesablanacaq, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə, habelə hesablanmış əməyin ödənişi fondunun 2 faizinin sığortalı tərəfindən, işçinin əməkhaqqının 2 faizinin isə sığortaolunan tərəfindən ödənilməsi şərtilə ödəniləcəkdir.

Did you find this useful?